Bakı Yay Enerji Məktəbini bəzən "enerjinin Birləşmiş Millətləri" də adlandırırlar. Bu fikirləri energetika nazirinin müavini Elnur Soltanov ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun təşkil etdiyi Bakı Yay Enerji Məktəbinin 20 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib. "Report" xəbər verir. O, Azərbaycanın enerji tarixindən, neftin ölkənin inkişafında oynadığı roldan və strateji seçimlərdən danışıb.
Azərbaycanın "Odlar Yurdu" kimi tanınmasının tarixi köklərinə toxunan nazir müavini qeyd edib ki, yunan mifologiyasındakı Prometey əfsanəsi də Qafqaz və Azərbaycanla simvolik bağlılıq daşıyır. "Prometey tanrılardan odu oğurlayıb insanlara gətirdiyinə görə Qafqaz dağlarına zəncirlənmişdi. Mən inanıram ki, bu, Qafqazın Azərbaycandakı hissəsi idi. Çünki qədim yunanlar da burada təbii şəkildə sızan neft və qazın mövcud olduğunu bilirdilər. Od Azərbaycanda həmişə olub".
Nazir müavini vurğulayıb ki, Azərbaycan tarix boyu malik olduğu enerji resurslarını üstünlüyə çevirməyi bacarıb.
Soltanov xatırladıb ki, dünyada ilk sənaye üsulu ilə qazılmış neft quyusu 1846-cı ildə Azərbaycanda istismara verilib və bu, Pensilvaniyadakı məşhur neft quyusundan illər əvvəl baş verib. Onun sözlərinə görə, XIX əsrdə Bakı neft sənayesinin sürətli inkişafı dünyanın ən yaxşı mühəndislərini, memarlarını və alimlərini şəhərə cəlb edib. "Bir neçə il ərzində Bakı dünyanın ən canlı şəhərlərindən birinə çevrildi. Məhz bu inkişafın nəticəsi olaraq 1918-ci ildə Azərbaycan bütün müsəlman dünyasında ilk demokratik respublikanı qurdu".
Nazir müavini Azərbaycanın İkinci Dünya müharibəsində də mühüm rol oynadığını vurğulayaraq bildirib ki, 1941-ci ildə Sovet İttifaqının nasist Almaniyasına qarşı döyüşən Şərq cəbhəsinin istifadə etdiyi neftin 80%-dən çoxu Azərbaycanın payına düşürdü.
O, çıxışında müasir dövrə də toxunaraq bildirib ki, 1990-cı illərdə Azərbaycan enerji resurslarını düzgün strateji qərarlarla milli maraqlara xidmət edən amilə çevirə bildi. "Neft həm fürsət idi, həm də lənət. Azərbaycanın 1990-cı illərdə üzləşdiyi işğalı neft amilindən ayrı qiymətləndirmək mümkün deyil. Amma ölkə strateji seçimlər etdi. Nəticədə neft və təbii qaz Azərbaycan, region və dünya üçün dəyərə çevrildi. Sonda torpaqlarımızın azad edilməsinə imkan verən əsas amillərdən biri də məhz bu oldu", – deyə Elnur Soltanov əlavə edib.
https://report.az/energetika/elnur-soltanov-azerbaycanin-enerji-tarixi-tebii-serveti-geosiyasi-ustunluye-cevirmeyin-numunesidir