XƏBƏRLƏR

Səfir: Qahirə SOCAR-ın Misirdəki layihələrdə iştirakında maraqlıdır

İYUL 07, 2026

Misir şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki bərpa layihələrində iştirak etməkdə maraqlıdır, Qahirə isə enerji sektorunda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığın genişləndirilməsinə ümid edir. Bu barədə "Report"a müsahibəsində Misirin Azərbaycandakı səfiri Hüsaməddin Əffət Mustafa Rəda bildirib.

"Bu gün Misirdə genişmiqyaslı geoloji kəşfiyyat işləri aparılır. Biz Azərbaycanın aparıcı enerji şirkəti olan SOCAR-ın bazarımızda iştirakında maraqlıyıq. Artıq SOCAR-ın Misirdə fəaliyyəti ilə bağlı müzakirələrə başlamışıq", – səfir qeyd edib.

Onun sözlərinə görə, Misirin neft nazirinin bu yaxınlardakı səfəri zamanı SOCAR-la çox məhsuldar danışıqlar aparılıb.

Eyni zamanda, diplomat vurğulayıb ki, şirkətlər yekun müqavilələr imzalanana qədər detalları açıqlamırlar. "Biz Azərbaycan şirkətlərinin həm karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində, həm də emal seqmentində iştirakını alqışlayırıq. Biz onlara hərtərəfli dəstək göstərməyə hazırıq."

Səfir vurğulayıb ki, Misir artıq Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi sahəsində Bakı ilə əməkdaşlıq edir. "Bu, ərazilərin bərpası üçün ən vacib şərtdir. Mütəxəssislərimiz bu sahədə böyük təcrübəyə malikdirlər. Misir şirkətləri həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki bərpa layihələrində iştirak etməkdə maraqlıdırlar. Əlbəttə, yekun qərarlar iqtisadi məqsədəuyğunluqdan və müqavilə şərtlərindən asılıdır. Lakin iştirak üçün maraq və imkanlar sözsüz ki, mövcuddur."

https://report.az/qarabag/sefir-qahire-socar-in-misirdeki-layihelerde-istirakinda-maraqlidir