"Xəzər‑Qara dəniz‑Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi daha dərin regional əməkdaşlıq, enerji bağlantıları və enerji sistemlərinin dayanıqlığının gücləndirilməsi üçün möhkəm təməl yaradır. Bu fikirləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Bakıda Yaşıl Enerjinin İnkişafı və Ötürülməsi Sahəsində Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində keçirilən 12-ci Nazirlər Görüşündə bildirib, "Report"un Gürcüstan bürosu xəbər verir.
"Bu, daha təhlükəsiz və davamlı enerji gələcəyinin qurulması istiqamətində ortaq öhdəliyimizi əks etdirir", – deyə Kvrivişvili vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstan hökuməti bərpa olunan enerji sektorunun inkişafını prioritet istiqamət kimi müəyyən edib və investorlar üçün şəffaf, əlverişli tənzimləyici mühit yaratmaqla külək və günəş enerjisi layihələrinə yatırımları sürətləndirir. Bununla yanaşı, ölkədə su elektrik stansiyalarının genişləndirilməsi də diqqət mərkəzində saxlanılır.
Nazir qeyd edib ki, Gürcüstanın əsas məqsədləri daxili bərpa olunan elektrik enerjisi istehsalını artırmaq, enerji təhlükəsizliyini gücləndirmək və regional enerji bazarlarına təmiz elektrik enerjisinin ixracı üçün yeni imkanlar yaratmaqdır.
O əlavə edib ki, Gürcüstan dördtərəfli saziş çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək və layihənin uğurla irəliləməsini təmin etmək üçün tərəfdaş ölkələr və bütün maraqlı tərəflərlə əməkdaşlığı davam etdirməyə hazırdır.
Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın birgə həyata keçirdiyi "Xəzər‑Qara dəniz‑Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi Xəzər hövzəsində istehsal olunan bərpa olunan enerjinin Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan kabel vasitəsilə Avropaya ötürülməsini, enerji əməkdaşlığının genişləndirilməsini və regional enerji təhlükəsizliyinin gücləndirilməsini nəzərdə tutur.
https://report.az/energetika/mariam-kvrivisvili-yasil-enerji-dehlizi-regional-emekdasliq-ucun-mohkem-temel-yaradir