XƏBƏRLƏR

Azərbaycan Avropa İttifaqı ölkələrinə təbii qaz ixracının genişləndirilməsi istiqamətində danışıqları davam etdirir.

İYUL 13, 2026

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı bildirib ki, bu ildən etibarən Avstriya və Almaniyaya qaz tədarükünə başlanılıb. Onun sözlərinə görə, bu addım Azərbaycanın Avropa və qlobal enerji bazarındakı mövqeyini gücləndirmək məqsədi daşıyan ümumi strategiyanın tərkib hissəsidir.

Dövlət başçısı qeyd edib ki, hazırda Azərbaycan 16 ölkəyə boru kəmərləri vasitəsilə qaz nəql edir və bu sahədə dünya liderləri sırasındadır. O əlavə edib ki, Avropa İttifaqının digər üzv dövlətləri ilə həm yeni tədarüklərin başlanması, həm də mövcud həcmlərin artırılması barədə danışıqlar aparılır.

Prezident həmçinin qaz hasilatının artırılması üçün xüsusi işçi proqramın hazırlandığını və investisiya portfelinin formalaşdırıldığını bildirib. Eyni zamanda, bərpa olunan enerji layihələrinin həyata keçirilməsi nəticəsində qaz sərfiyyatına qənaət ediləcəyi vurğulanıb. Məqsəd 2032-ci ilədək bərpa olunan enerji gücünü 8 giqavata çatdırmaq və bunun hesabına ildə 2–3 milyard kubmetr qazın qənaət edilməsidir.

İlham Əliyevin sözlərinə görə, Rusiya–Ukrayna müharibəsindən sonra Azərbaycan qazına Avropada tələbat əhəmiyyətli dərəcədə artıb və Avropa İttifaqına ixrac həcmi 2022-ci illə müqayisədə 65 % yüksəlib. Bu səbəbdən mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsi vacib hesab olunur.

Prezident qeyd edib ki, əsas məsələlərdən biri uzunmüddətli müqavilələrin bağlanmasıdır. Azərbaycanın hasilatı artırmaq üçün böyük investisiyalara ehtiyacı olduğunu bildirən dövlət başçısı, enerji əməkdaşlığının davamlı olması üçün sabit və uzunmüddətli öhdəliklərin zəruri olduğunu vurğulayıb.

Bundan əlavə, Azərbaycan yeni bazarlara, o cümlədən Suriyaya qaz ixracına başlayıb və regionda əlavə tələbat imkanlarını nəzərdən keçirir. Prezident Avropa Komissiyası ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, son aylarda Avropa İttifaqı rəhbərliyinin Azərbaycana səfərlərinin münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini göstərdiyini bildirib.

https://report.az/energetika/ilham-eliyev-avropaya-qaz-techizatinin-hecminin-artirilmasi-ile-bagli-danisiqlar-gedir