XƏBƏRLƏR

Nazir: “Enerji keçidi neft və qazın rolunu aradan qaldırmır, onları tamamlayır”

İYUL 15, 2026

Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, enerji keçidi neft və qazın əhəmiyyətini azaltmır, əksinə, bərpa olunan enerji mənbələri mövcud enerji sistemini tamamlayaraq onun daha dayanıqlı olmasına xidmət edir.

Bakıda keçirilən “OPEC+” Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin ilk iclasında çıxış edən nazir qeyd edib ki, bərpa olunan enerji üzrə quraşdırılmış güclərin ötən il 15,5 % artmasına baxmayaraq, karbohidrogenlərin qlobal enerji balansındakı rolu dəyişməyib. Onun sözlərinə görə, artan enerji tələbatı fonunda alternativ enerji mənbələri ənənəvi enerji resurslarını əvəz etmir, onları tamamlayır.

P.Şahbazov vurğulayıb ki, hazırkı mərhələdə enerji keçidi əvəzlənmə deyil, müxtəlif enerji mənbələrinin paralel və qarşılıqlı tamamlayıcı inkişafı prosesidir. Azərbaycan da bu yanaşmanı əsas götürərək neft və təbii qazla yanaşı, bərpa olunan enerji layihələrinin inkişafını dəstəkləyən balanslaşdırılmış enerji siyasəti həyata keçirir.

Nazirin sözlərinə görə, ölkənin məqsədi enerji mənbələrini bir-birinə alternativ kimi təqdim etmək deyil, onların sinerjisi əsasında dayanıqlı enerji sistemi formalaşdırmaq və bütün enerji resurslarını etibarlı, şaxələndirilmiş ixrac marşrutları vasitəsilə beynəlxalq bazarlara çatdırmaqdır.

O əlavə edib ki, son illərdə yaşanan enerji böhranı enerji təhlükəsizliyinin yalnız bir mənbəyə söykənməklə deyil, bütün enerji növlərinin balanslı inkişafı hesabına təmin oluna biləcəyini nümayiş etdirib.

Hazırda Azərbaycan Avropa və Asiyanın təxminən 20 ölkəsinə neft ixrac edir. Kondensat da daxil olmaqla ölkənin gündəlik neft hasilatı orta hesabla 553 min barel, ixracı isə 445 min barel təşkil edir.

P.Şahbazov xatırladıb ki, 1899-cu ildə Azərbaycan dünya neft hasilatı və emalının təxminən yarısını təmin etməklə qlobal lider mövqedə olub. Bu gün isə ölkənin strateji əhəmiyyəti əsasən etibarlı tərəfdaşlıq, fasiləsiz enerji təchizatı və şaxələndirilmiş nəqliyyat marşrutları ilə müəyyən olunur. Onun fikrincə, Azərbaycanın rolu regionları və bazarları etibarlı şəkildə birləşdirməsi, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verməsi və qazandığı etimadla ölçülür.

https://report.az/energetika/nazir-enerji-kecidi-neft-ve-qazi-evez-etmir-onlari-tamamlayir