Bakı yalnız qlobal neft sənayesinin formalaşdığı əsas mərkəzlərdən biri deyil, həm də dünya neft tarixində bir sıra mühüm yeniliklərin və ilk təşəbbüslərin meydana gəldiyi şəhərdir.
Bunu OPEC-in baş katibi Heysəm əl-Qays Bakıda keçirilən “OPEC+” Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin ilk iclasında çıxışı zamanı bildirib.
Baş katib qeyd edib ki, Bakıya yenidən səfər etməkdən böyük məmnunluq duyur və şəhərin neft sənayesinin inkişafında xüsusi yer tutduğunu vurğulayıb. Onun sözlərinə görə, OPEC ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və bu əməkdaşlıq “OPEC+” çərçivəsində, eləcə də digər tərəfdaşlıq mexanizmləri vasitəsilə ildən-ilə daha da güclənir.
H. əl-Qays xatırladıb ki, dünyada məlum olan ilk dəniz neft quyuları 1803-cü ildə hazırkı tədbirin keçirildiyi əraziyə yaxın sahədə qazılıb. O həmçinin bildirib ki, 1846-cı ildə Bibiheybətdə ilk mexaniki üsulla qazılmış neft quyusu istifadəyə verilib, 1871-ci ildə ilk taxta neft buruğu, 1877-ci ildə isə dünyanın ilk neft tankeri Azərbaycanda yaradılıb.
https://report.az/energetika/opec-in-bas-katibi-baki-dunya-neft-tarixinde-bir-cox-ilklere-imza-atib