Energetika Nazirliyinin operativ məlumatlarına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 13 milyard 388,6 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
Bu barədə “Report”a nazirlikdən bildirilib.
Məlumata görə, istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % azalıb.
Hesabat dövründə istilik elektrik stansiyalarında 10 milyard 594,9 milyon kVt/saat (-8 %), su elektrik stansiyalarında 1 milyard 891,7 milyon kVt/saat (+1,7 %), digər mənbələr üzrə isə 902 milyon kVt/saat (+2 dəfə) elektrik enerjisi istehsal edilib.
Digər mənbələr üzrə istehsalın strukturunda külək elektrik stansiyalarının payı 475,7 milyon kVt/saat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,7 dəfə çoxdur. Günəş elektrik stansiyalarında 282,7 milyon kVt/saat (-10,1 %), Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,6 milyon kVt/saat (+6,8 %) elektrik enerjisi istehsal olunub.
SES-lər də daxil olmaqla, bərpa olunan enerji mənbələri üzrə ümumi istehsal 463,1 milyon kVt/saat artaraq 2 milyard 793,7 milyon kVt/saata çatıb ki, bu da illik müqayisədə 20 % artım deməkdir.
“Azərenerji” ASC üzrə yanvar-iyun aylarında elektrik enerjisi istehsalı 11 milyard 479,5 milyon kVt/saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % azdır. Şirkətin istilik elektrik stansiyalarında 9 milyard 568,9 milyon kVt/saat, su elektrik stansiyalarında 1 milyard 883,2 milyon kVt/saat (+10,1 %), günəş elektrik stansiyalarında isə 27,4 milyon kVt/saat (-10,7 %) elektrik enerjisi istehsal olunub.
“Azərişıq” ASC-nin külək elektrik stansiyalarında istehsal 14 milyon kVt/saat (-4,1 %), müstəqil elektrik stansiyalarında isə 1 milyard 895,1 milyon kVt/saat (+25,4 %) olub.
Hesabat dövründə Azərbaycanın elektrik enerjisi ixracı 241,2 milyon kVt/saat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 66 % azdır. Elektrik enerjisinin idxalı isə 39,5 % artaraq 113,1 milyon kVt/saata yüksəlib.
https://report.az/energetika/azerbaycanda-i-yarimilde-yasil-enerji-istehsali-2-8-milyard-kvt-st-olub