İraq və Suriya Hədisa (İraq) – Baniyas (Suriya) neft kəmərinin yenidən qurulması və istismara qaytarılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.
"Report" xəbər verir ki, bu barədə "INA" agentliyi məlumat yayıb.
Məlumata görə, sənəd İraqın mərkəzində yerləşən Hədisa şəhərindən Aralıq dənizi sahilindəki Suriyanın Baniyas limanına qədər uzanan neft kəmərinin bərpasını əhatə edir.
Layihənin icrasına ABŞ-nin "Chevron" şirkəti rəhbərlik edəcək. "Al-Monitor" portalının məlumatına əsasən, texniki və texniki-iqtisadi əsaslandırma işləri "Chevron", ABŞ-ın "Capital TI" və Qətərin "UCC" şirkətlərindən ibarət konsorsium tərəfindən həyata keçiriləcək.
İraq hökuməti hesab edir ki, Hədisa–Baniyas neft kəmərinin yenidən istifadəyə verilməsi ölkənin şimalındakı Kərkük vilayətində hasil olunan neftin Suriyanın Aralıq dənizi sahilinə nəqlini əhəmiyyətli dərəcədə artıracaq. Gələcəkdə isə həmin neftin Avropa bazarlarına ixracı nəzərdə tutulur.
https://report.az/energetika/iraq-ve-suriya-hedisa-baniyas-neft-kemerinin-berpasi-ile-bagli-sazis-imzalayib