XƏBƏRLƏR

"Moody's" SOCAR-ın reytinqləri üzrə planlı qiymətləndirməni başa çatdırıb

İYUL 20, 2026

Beynəlxalq reytinq agentliyi "Moody's" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqləri üzrə növbəti planlı qiymətləndirməsini yekunlaşdırıb.

"Report" agentliyin məlumatına istinadən xəbər verir ki, qiymətləndirmə reytinq komitəsinin iclası çərçivəsində aparılıb. İclas zamanı tətbiq olunan metodologiya və cari amillər nəzərə alınaraq reytinqlərin əsaslandırılması yenidən təhlil edilib.

Agentlik bildirib ki, bu qiymətləndirmə yeni kredit reytinqi qərarının qəbul edilməsi və ya yaxın zamanda belə bir qərarın veriləcəyinə dair siqnal kimi qiymətləndirilməməlidir.

Qiymətləndirmənin nəticələrinə əsasən, SOCAR-ın bütün reytinqləri, o cümlədən uzunmüddətli "Baa3" emitent reytinqi və sabit proqnozu dəyişməz saxlanılıb.

"Moody's" qeyd edib ki, reytinq şirkətin "ba2" səviyyəsində Əsas Kredit Qiymətləndirməsinə (BCA), Azərbaycan hökumətinin "Baa3" suveren reytinqinə, SOCAR ilə dövlət arasında yüksək qarşılıqlı asılılığa və zərurət yarandıqda hökumətin şirkətə dəstək vermək potensialına əsaslanır.

Agentliyin qiymətləndirməsinə görə, SOCAR-ın "ba2" səviyyəsində BCA göstəricisi şirkətin ölkənin neft-qaz sektorundakı strateji rolu, güclü maliyyə və kredit göstəriciləri, eləcə də dövlətlə sıx əlaqələri və hökumətin mümkün maliyyə dəstəyi imkanları ilə şərtlənir.

https://report.az/energetika/moody-s-socar-in-reytinqine-dair-novbeti-qiymetlendirmeni-yekunlasdirib