XƏBƏRLƏR

Merts: Almaniya enerji təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

İYUL 22, 2026

Almaniya Kansleri Fridrix Merts bildirib ki, Azərbaycan Almaniya üçün enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm tərəfdaş hesab olunur.

"Report"un Berlinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, o, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Kanslerin sözlərinə görə, Almaniya yaxın illərdə, xüsusilə enerji səmərəliliyi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.

"Biz idxal mənbələrinin, xüsusilə də təbii qaz tədarükünün şaxələndirilməsində maraqlıyıq. Azərbaycan istehlak etdiyindən daha çox enerji istehsal edən ölkələr sırasındadır. Məhz buna görə də Almaniyanın enerji təminatı məsələsində Azərbaycan etibarlı və perspektivli tərəfdaş kimi önəm daşıyır", – deyə F.Merts vurğulayıb.

O qeyd edib ki, Almaniya təxminən dörd il yarım əvvəl Rusiyadan qaz idxalını dayandırdıqdan sonra alternativ tədarük mənbələrinin axtarışına başlayıb və bu prosesdə Azərbaycan mühüm yer tutur.

"Bu əməkdaşlıq hər iki tərəf üçün yeni iqtisadi imkanlar yaradır. Biz digər təchizat istiqamətlərini də inkişaf etdiririk, lakin bu gün Prezident İlham Əliyevlə Azərbaycandan qaz tədarükünün artırılması perspektivlərini müzakirə etmək imkanı əldə etdiyimiz üçün təşəkkürümü bildirirəm. Bu məsələ qarşılıqlı razılaşmalarımızın tərkib hissəsidir və gələcək danışıqlarımızda da əsas mövzulardan biri olacaq", – deyə Almaniya Kansleri əlavə edib.

https://report.az/xarici-siyaset/merts-azerbaycan-enerji-tehlukesizliyinin-temin-edilmesinde-almaniya-ucun-maraq-kesb-edir