XƏBƏRLƏR

Tarixi uğur: "GL Group" ABŞ-də neft-qaz hasilatı aktivlərinə sahib olan ilk Azərbaycan şirkəti olub

İYUL 23, 2026

Azərbaycanın ilk özəl neft-qaz şirkətlər qrupu olan "GL Group" ABŞ-də ilk hasilat aktivlərini əldə edib. Şirkət Texas ştatının Hyuston şəhəri yaxınlığındakı Midland ərazisində yerləşən və hazırda istismarda olan dörd neft-qaz yatağında hasilat aktivlərinin alınması prosesini uğurla başa çatdırdığını açıqlayıb.

Əldə edilən aktivlərə 200-dən artıq fəaliyyət göstərən neft quyusu daxildir. Bununla yanaşı, "GL Group" həmin yataqların operatoru statusunu da rəsmi şəkildə üzərinə götürüb. Nəticədə şirkət ABŞ-də fəaliyyət göstərən hasilat aktivlərinə sahib olan və onları birbaşa idarə edən ilk Azərbaycan şirkətlər qrupu kimi tarixə düşüb. Bu addım həm ölkənin özəl neft-qaz sənayesi üçün mühüm hadisə hesab olunur, həm də "GL Group"un ABŞ enerji bazarında mövqeyini gücləndirir.

Şirkətin portfelinə daxil edilən aktivlər ABŞ-nin ən iri neft-qaz hasilatı bölgəsi olan Perm hövzəsində yerləşir. Dünyanın ən mühüm quruda neft-qaz istehsalı mərkəzlərindən sayılan bu hövzə Qərbi Texası və Nyu-Meksiko ştatının cənub-şərqini əhatə edir və ümumi sahəsi təxminən 223 min kvadrat kilometrdir.

2025-ci ildə Perm hövzəsində sutkalıq neft hasilatı 6,6 milyon barelə çatıb. Bu göstərici ABŞ üzrə ümumi neft hasilatının təxminən yarısını, dünya üzrə isə 8 %-dən çoxunu təşkil edib. Eyni dövrdə hövzədə gündəlik 27,6 milyard kubfut əmtəəlik təbii qaz istehsal olunub ki, bu da ABŞ-də hasil edilən əmtəəlik qazın təxminən 23 %-nə, qlobal istehsalın isə 7 %-nə bərabərdir.

Belə yüksək texnologiyaların tətbiq olunduğu və güclü rəqabətin hökm sürdüyü bir regionda hasilat aktivlərinin həm sahibi, həm də operatoru olmaq "GL Group" üçün strateji əhəmiyyət daşıyır. Bu sövdələşmə şirkətin 2024-cü ildə Türkiyə bazarına daxil olması ilə başlanan beynəlxalq genişlənmə strategiyasının növbəti uğurlu mərhələsidir və ABŞ-də, eləcə də digər xarici bazarlarda gələcək inkişaf üçün möhkəm təməl yaradır.

Şirkətin məlumatına görə, satınalma bir ildən artıq davam edən qiymətləndirmə prosesi, tərəfdaşlarla aparılan danışıqlar və komandanın peşəkar fəaliyyəti nəticəsində həyata keçirilib. Bu layihə "GL Group"un strateji, əməliyyat və investisiya hədəflərinə çatması baxımından mühüm addım hesab olunur.

"Bu, "GL Group" komandası üçün qürurverici hadisədir. Dünyanın ən böyük və ən rəqabətli neft-qaz bazarında fəaliyyətə başlamağımız strateji inkişafımızın vacib mərhələsidir. Bu satınalma beynəlxalq kəşfiyyat və hasilat fəaliyyətimizi şaxələndirmək istiqamətində uzunmüddətli baxışımızın tərkib hissəsidir və ABŞ-də davamlı inkişafımız üçün güclü platforma formalaşdırır", – deyə şirkətin baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov bildirib.

Onun sözlərinə görə, ABŞ bazarına daxil olmaq şirkətin beynəlxalq inkişaf yolunda ilk, lakin sonuncu addım deyil: "Biz fəaliyyətimizi genişləndirməyə və yeni imkanlardan yararlanmağa davam edəcəyik."

"GL Group" haqqında

"GL Group" Azərbaycanda Salyan rayonundakı "Kürsəngi" və "Qarabağlı", eləcə də Abşeron yarımadasındakı "Buzovna-Maştağa", "Qala" və "Zirə" yataqlarında fəaliyyət göstərir. Qrupa "Salyan Oil Limited" və "Taghiyev Operating Company" əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesinə texniki xidmətlər göstərən "GL Technical Services" daxildir.

Şirkət 2024-cü ildə ilk beynəlxalq investisiyasını reallaşdıraraq Kanadanın "Gazelle Energy Limited" şirkətinin 25 %-lik payını əldə edib. Həmin şirkət Türkiyənin Trakya hövzəsində yerləşən perspektivli qaz yatağının 100 %-lik sahibidir.

"GL Group" və onun beynəlxalq layihələri barədə ətraflı məlumatı www.gl.world internet səhifəsindən əldə etmək mümkündür.

https://report.az/energetika/tarixi-nailiyyet-gl-group-abs-de-dord-neft-qaz-aktivini-elde-eden-ilk-azerbaycan-sirketi-olub