XƏBƏRLƏR

"GL Group" və "Baker Hughes" uzunmüddətli strateji tərəfdaşlığa başlayıb

İYUL 23, 2026

"GL Group" ilə "Baker Hughes" arasında beş il müddətini əhatə edən Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalanıb. Sənəd iki şirkət arasında strateji tərəfdaşlığın daha da genişləndirilməsi və gələcək birgə layihələr üçün möhkəm əməkdaşlıq platformasının formalaşdırılmasını nəzərdə tutur.

Saziş çərçivəsində tərəflər öz bilik, təcrübə və texnoloji imkanlarını birləşdirərək qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi imkanlarını qiymətləndirəcəklər. Əməkdaşlığın "GL Group"un əməliyyat səmərəliliyinin yüksəldilməsinə, texnoloji imkanlarının genişlənməsinə, qabaqcıl həllərə çıxışının təmin olunmasına və şirkətin Azərbaycandakı uzunmüddətli inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

"Bu saziş "Baker Hughes" ilə əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyduğunu və "GL Group"un uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsində mühüm rol oynayacağını göstərir", – deyə şirkətin Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov bildirib.

Onun sözlərinə görə, tərəfdaşlıq "GL Group"a qlobal təcrübədən, innovativ texnologiyalardan və qabaqcıl əməliyyat həllərindən yararlanmaq imkanı yaradacaq ki, bu da şirkətin davamlı inkişafı və uzunmüddətli uğuru üçün mühüm əhəmiyyət daşıyır.

"Baker Hughes"un Baş vitse-prezidenti Cim Seşns isə qeyd edib ki, şirkət dünya üzrə əməliyyatların səmərəliliyini artıran, riskləri minimuma endirən və məhsuldarlığı yüksəldən innovativ texnologiyalara investisiyaları davam etdirir.

Onun sözlərinə görə, strateji əməkdaşlığın əsas məqsədi "GL Group"un enerji aktivlərinin səmərəliliyini artıracaq, eyni zamanda regionun enerji sektorunun inkişafına töhfə verəcək yeni texnoloji həllərin hazırlanması və tətbiqidir.

"GL Group" haqqında

"GL Group" Azərbaycanın Salyan rayonunda yerləşən "Kürsəngi" və "Qarabağlı", eləcə də Abşeron yarımadasındakı "Buzovna-Maştağa", "Qala" və "Zirə" yataqlarında əməliyyat fəaliyyəti həyata keçirir. Şirkətlər qrupuna "Salyan Oil Limited" və "Taghiyev Operating Company" əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesi üçün texniki xidmətlər göstərən "GL Technical Services" daxildir.

"GL Group" 2024-cü ildə ilk beynəlxalq investisiyasını reallaşdıraraq Kanadanın "Gazelle Energy Limited" şirkətinin 25 %-lik payını əldə edib. Həmin şirkət Türkiyənin Trakya hövzəsində yerləşən perspektivli qaz yatağının 100 %-lik sahibidir.

"GL Group" və onun strateji inkişaf istiqamətləri barədə daha ətraflı məlumatı www.gl.world saytından əldə etmək mümkündür.

https://report.az/energetika/gl-group-ve-baker-hughes-sirketleri-strateji-emekdasliq-xidmetleri-sazisi-imzalayib