XƏBƏRLƏR

Kəlbəcərin beş KSES-i beynəlxalq karbon sertifikatı almaq üçün qeydiyyatdan keçib

İYUL 23, 2026

"AzərEnerji" ASC və "SOCAR Trading"in birgə təşəbbüsü nəticəsində Kəlbəcər rayonunda fəaliyyət göstərən "Çıraq-1", "Çıraq-2", "Soyuqbulaq", "Meydan" və "Qamışlı" kiçik su elektrik stansiyaları (KSES) beynəlxalq karbon sertifikatlaşdırma sistemində uğurla qeydiyyata alınıb.

Bu barədə "Report"a "AzərEnerji"dən məlumat verilib.

Qeyd olunub ki, qeydiyyat nəticəsində həmin stansiyalar üzrə hər il təxminən 37 min ton karbon emissiyasının azaldılması təsdiqlənəcək və bunun müqabilində beynəlxalq karbon sertifikatları təqdim olunacaq.

Şirkətin məlumatına görə, bu ilin yanvar ayında Laçın rayonunda yerləşən "Mirik""Qaraqışlaq" kiçik su elektrik stansiyaları İsveçrənin beynəlxalq karbon sertifikatlaşdırma təşkilatı Gold Standard tərəfindən 10 745 karbon krediti əldə edib. Bu göstərici Azərbaycanın bərpa olunan enerji layihələri üzrə beynəlxalq karbon bazarında qazandığı ilk karbon kreditləri olmaqla yanaşı, ölkənin "yaşıl enerji" strategiyası üçün mühüm nailiyyət sayılır.

"AzərEnerji" bildirib ki, yeni karbon sertifikatlarının əldə olunması istiqamətində fəaliyyət davam etdirilir.

Hazırda Laçın rayonunda yerləşən "Mişni", "Alxaslı""Ağbulaq-2" kiçik su elektrik stansiyalarının beynəlxalq qeydiyyat proseduru davam edir. Bununla yanaşı, beynəlxalq ekspertlər Zəngilan rayonundakı "Şayıflı", "Cahangirbəyli", "Zəngilan""Şeylanlı" su elektrik stansiyalarının karbon sertifikatları alması məqsədilə hazırlanmış layihə sənədlərini qiymətləndirirlər.

Məlumatda vurğulanıb ki, "AzərEnerji" tərəfindən inşa edilən "Ağbulaq-2""Şeylanlı" su elektrik stansiyaları cari ilin 11 iyul tarixində istismara verilib. Digər qeyd olunan stansiyalar isə mərhələli şəkildə 2023, 2024 və 2025-ci illərdə istifadəyə verilib.

https://report.az/energetika/kelbecerdeki-ses-ler-beynelxalq-karbon-sertifikati-almaq-ucun-qeydiyyatdan-kecib