Rusiyada benzin ixracına tətbiq olunan qadağanın müddəti 2026-cı ilin sonunadək uzadılacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hökumət qərargahında benzin ixracına qoyulan məhdudiyyətin həm istehsalçılar, həm də neft şirkətləri üçün ilin sonunadək qüvvədə saxlanılması barədə qərar qəbul edilib.
A.Novak bildirib ki, dizel yanacağının ixracına tətbiq olunan qadağa isə bazardakı vəziyyət normallaşdıqdan sonra aradan qaldırılacaq. Onun sözlərinə görə, bu addım neft emalı zavodlarının artıq məhsul yığılması və emal həcminin azalması ilə bağlı problemlərlə üzləşməsinin qarşısını almaq məqsədi daşıyır.
Baş nazirin müavini qeyd edib ki, "Avro-3" standartlı benzinin istehsalına icazə yalnız müvəqqəti xarakter daşıyır. Bu qərar daxili bazarın yanacaqla təminatını artırmaq və mümkün qıtlığın qarşısını almaq üçün verilib. O əlavə edib ki, gələcəkdə Rusiya yenidən "Avro-5" standartlı benzinin istehsalına keçəcək.
Hazırda Rusiyada yanacağın ölkədən ixracına qoyulan qadağa iyulun 31-dək qüvvədədir.
https://report.az/energetika/novak-rusiya-benzin-ixracina-qoyulan-qadagani-2026-ci-ilin-sonunadek-uzadacaq