XƏBƏRLƏR

Qobustan Günəş Elektrik Stansiyasının istismara verilməsinə son hazırlıq işləri aparılır

İYUL 29, 2026

Qobustan rayonunda inşa edilən 100 MVt gücündə "Qobustan" günəş fotoelektrik stansiyasının tikintisi artıq yekun mərhələyə çatıb.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin stansiyaya səfəri zamanı məlumat verilib.

Nazir Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundovla birlikdə tikinti işlərinin gedişi ilə tanış olub.

Səfər zamanı layihənin son icra mərhələsi, o cümlədən 110/35 kV-luq yarımstansiyada görülən işlər və stansiyanın yaxın vaxtlarda keçiriləcək rəsmi açılış mərasiminə hazırlıq prosesi nəzərdən keçirilib.

Layihənin baş podratçısı və investoru olan Çinin "Universal Energy" şirkətinin məlumatına əsasən, obyekt elektrik enerjisinin ötürülməsi üçün tam hazır vəziyyətə gətirilib və bütün tikinti işləri təsdiqlənmiş qrafikə uyğun davam etdirilir.

Bildirilib ki, stansiyanın yaxın 1,5–2 ay ərzində istismara verilməsi planlaşdırılır. Obyektin hər il təxminən 260 milyon kVt/saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir.

P.Şahbazov layihə çərçivəsində görülən işlərin yüksək templə irəlilədiyini vurğulayaraq qeyd edib ki, stansiyanın istismara verilməsi Azərbaycanın enerji balansının daha da şaxələndirilməsinə və bərpa olunan enerji potensialının artırılmasına mühüm töhfə verəcək.

Nazir əlavə edib ki, Azərbaycan hökuməti layihəyə bundan sonra da dəstəyini davam etdirəcək və "Universal Energy" şirkətinin yeni investisiya təşəbbüslərini, eləcə də bərpa olunan enerji sahəsində perspektivli birgə layihələrdə iştirakını məmnuniyyətlə dəstəkləyəcək.

https://report.az/energetika/qobustanda-gunes-elektrik-stansiyasinin-istismara-verilmesine-hazirliq-gorulur