XƏBƏRLƏR

Azad edilmiş ərazilərdə 8 MVt-dan artıq gücdə günəş panelləri quraşdırılıb

İYUL 29, 2026

İşğaldan azad edilmiş ərazilərdə indiyədək 2 500-dən çox fərdi yaşayış evi, ictimai və sosial təyinatlı binada ümumi gücü 8 MVt-dan artıq günəş panelləri, həmçinin 8 mindən çox LED işıqlandırma qurğusu quraşdırılıb.

"Report"un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə əlaqələndirmə və monitorinq aparan İşçi Qrupunun 13-cü iclasında bildirilib.

Qeyd olunub ki, quraşdırılmış LED işıqlandırma qurğularının təxminən 43 %-i, yəni 3 500-ə yaxını, günəş enerjisi ilə işləyən hibrid sistemlərdən ibarətdir.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji və enerji səmərəliliyi prinsipləri əsasında inkişafı artıq nümunəvi yanaşma kimi formalaşıb. Onun sözlərinə görə, aparılan monitorinqlərin nəticələri də bu istiqamətdə müsbət dinamikanın davam etdiyini göstərir.

İclasda ötən görüşdən sonra Prezident İlham Əliyevin Cəbrayıl, Zəngilan, Xocalı, Füzuli, Xankəndi, Şuşa və Ağdam şəhərlərinə, eləcə də Xocavənd və Laçın rayonlarına səfərləri zamanı istifadəyə verilən və təməli qoyulan yaşayış məntəqələri, sosial infrastruktur və enerji obyektləri barədə məlumat təqdim olunub. Bildirilib ki, bu müddətdə Şükürbəyli kəndi, Soltanlı kəndində "Azərenerji" ASC-nin 330 kV-luq "Şəfəq" yarımstansiyası, eləcə də Laçında bir sıra su elektrik stansiyaları istifadəyə verilib.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Cəbrayılda günəş elektrik stansiyalarının tikintisi, Kəlbəcər və Laçında özəl investisiyalar hesabına dörd kiçik su elektrik stansiyasının inşası, həmçinin Kəlbəcərdə külək elektrik stansiyasının tikintisinə hazırlıq məqsədilə aparılan ölçmə və müşahidə işləri barədə məlumat verib.

Bildirilib ki, azad edilmiş ərazilərdə elektrik enerjisinə olan tələbat tam şəkildə yaşıl enerji mənbələri hesabına təmin olunur, əlavə istehsal olunan enerji isə ölkənin vahid enerji sisteminə ötürülür.

İclas çərçivəsində Ağdam şəhəri, Xocavənd rayonunun bir sıra kəndləri, eləcə də Qırmızı Bazar və Hadrut qəsəbələrində yaşıl texnologiyaların tətbiqi və enerji səmərəliliyinə dair monitorinqlərin nəticələri, həmçinin Cəbrayıl rayonunun Horovlu, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərində vətəndaşların aktiv istehlakçı kimi qeydiyyatı ilə bağlı mövcud vəziyyət müzakirə olunub.

Bununla yanaşı, yaşayış komplekslərinin istilik təchizatı ilə bağlı məsələlər də nəzərdən keçirilib. Müzakirələrin yekununda səsləndirilən təkliflərin həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə razılıq əldə olunub.

https://report.az/energetika/azad-edilmis-erazilerde-umumi-gucu-8-000-kvt-dan-cox-olan-gunes-panelleri-qurasdirilib