XƏBƏRLƏR

SOCAR Kanadanın "Gran Tierra Energy" şirkəti ilə quruda seysmik kəşfiyyat işlərinə başlayacaq

İYUL 30, 2026

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kanadanın "Gran Tierra Energy" şirkəti ilə birgə Quba-Xəzəryanı neft-qaz regionunda 2D seysmik kəşfiyyat işləri aparmağa hazırlaşır.

"Report"un SOCAR-a istinadən verdiyi məlumata görə, tədqiqatların regionda yerləşən qurudakı perspektiv sahə üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

Məlumata əsasən, layihənin hazırlıq mərhələsi çərçivəsində Quba Rayon İcra Hakimiyyətində görüş keçirilib. Görüş iştirakçıları layihənin icrası ilə bağlı qarşıdakı mərhələləri və görüləcək işləri müzakirə ediblər.

Xatırladaq ki, SOCAR"Gran Tierra Energy" arasında müvafiq saziş bu ilin fevral ayında imzalanıb. Sazişə əsasən, layihənin operatoru qismində çıxış edəcək "Gran Tierra Energy Inc." layihədə 65 % iştirak payına sahib olacaq.

Layihə çərçivəsində qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması, eləcə də müqavilə sahəsinin karbohidrogen ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə kəşfiyyat quyularının qazılması planlaşdırılır.

https://report.az/energetika/socar-kanada-sirketi-ile-azerbaycanin-quru-erazisinde-seysmik-kesfiyyat-aparacaq