2021-ci il avqustun 1-dən 2026-cı il avqustun 1-dək Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə ümumilikdə 130,4 milyard kubmetr təbii qaz nəql edilib.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Report"a məlumat verib.
Bildirilib ki, bu gün SOCAR-ın CQBK üzrə texniki operator kimi fəaliyyətə başlamasının beşinci ildönümüdür.
Məlumata görə, 2026-cı ilin yanvar-iyun aylarında kəmər vasitəsilə 11 milyard 442,2 milyon kubmetr qaz nəql olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,84 % çoxdur.
Xatırladaq ki, "SOCAR Midstream Gas Operations" MMC 2015-ci ildən CQBK-nin kommersiya operatoru, 2021-ci ildən isə texniki operatoru funksiyasını yerinə yetirir.
Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil olunan təbii qazın Azərbaycan, Gürcüstan və Türkiyə istiqamətində nəqlini təmin edir. Kəmər 2006-cı ilin sonunda istismara verilib və həmin vaxtdan "Şahdəniz" yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın nəqli həyata keçirilir. 2018-ci ilin yayından etibarən isə yatağın ikinci mərhələsi üzrə hasil olunan qaz genişləndirilmiş CQBK vasitəsilə Türkiyəyə çatdırılaraq TANAP boru kəmərinə ötürülməyə başlanıb.
https://report.az/energetika/socar-in-operatorlugu-dovrunde-baki-tbilisi-erzurum-kemeri-ile-130-milyard-kubmetrden-cox-qaz-neql-olunub