XƏBƏRLƏR

OPEC+ ölkələrinin yeddi aparıcı üzvü sentyabrda neft hasilatını sutkada 188 min barel artıracaq

AVQUST 03, 2026

Neft hasilatını könüllü əsasda məhdudlaşdıran OPEC+ ölkələrinin yeddi aparıcı üzvü 2026-cı ilin sentyabr ayında gündəlik hasilatı avqust ayı ilə müqayisədə 188 min barel artırmaq barədə razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə təşkilatın açıqlamasında bildirilib.

Qərara əsasən, sentyabr ayında Rusiyanın gündəlik neft hasilatı kvotası 62 min barel artırılaraq 9,949 milyon barelə, Səudiyyə Ərəbistanının kvotası da eyni həcmdə artırılaraq 10,478 milyon barelə çatdırılacaq.

Eyni zamanda, İraqın hasilat limiti 26 min barel artaraq 4,431 milyon barel, Küveytin 16 min barel artaraq 2,676 milyon barel, Qazaxıstanın 10 min barel artaraq 1,628 milyon barel, Əlcəzairin 6 min barel artaraq 1,007 milyon barel, Omanın isə 5 min barel artaraq 841 min barel təşkil edəcək.

Bildirilib ki, bazardakı vəziyyətin qiymətləndirilməsi məqsədilə OPEC+ ölkələrinin yeddi əsas üzvü aylıq görüşlərini davam etdirəcək. Qrupun növbəti iclası sentyabrın 6-na planlaşdırılıb.

https://report.az/energetika/opec-yeddiliyi-sentyabrda-neft-hasilatini-sutkada-188-min-barel-artiracaq