Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda "Itochu" korporasiyasına məxsus 3,65 %-lik iştirak payını əldə edib.
Bu barədə SOCAR "Report"a məlumat verib.
Şirkətin məlumatına görə, sövdələşməyə dair bütün zəruri sənədlər imzalanıb və alqı-satqı prosesi qüvvədə olan qanunvericiliyin, SOCAR-ın daxili prosedurlarının və müqavilə üzrə tənzimləyici tələblərin tam uyğunluğunda həyata keçirilib.
Sövdələşmədən əvvəl "Itochu" AÇG layihəsində 3,65 % paya sahib idi. Nəticədə SOCAR-ın layihədəki iştirak payı 31,65 %-dən 35,3 %-ə yüksəlib.
Hazırda AÇG layihəsində iştirak paylarının bölgüsü belədir: SOCAR – 35,30 %, BP (operator) – 30,37 %, MOL – 9,57 %, INPEX – 9,31 %, ExxonMobil – 6,79 %, TPAO – 5,73 %, ONGC Videsh – 2,92 %.
SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, AÇG layihəsi uzun illər ərzində Azərbaycanın və regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb. Onun sözlərinə görə, bu il yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanılması layihənin inkişafında yeni mərhələ açır və Azərbaycanın qaz ixrac potensialının genişlənməsinə əlavə imkanlar yaradır.
R.Nəcəf həmçinin vurğulayıb ki, "Itochu"nun layihənin həyata keçirilməsində uzun illər ərzində göstərdiyi töhfə və tərəfdaşlığı yüksək qiymətləndirilir. O bildirib ki, tərəfdaşlar arasında qarşılıqlı etimad və yüksək əməliyyat standartları gələcəkdə də layihənin uğurla davam etdirilməsinə xidmət edəcək.
"Itochu" korporasiyasının baş əməliyyat direktoru və Enerji və enerji həlləri bölməsinin baş icraçı direktoru Tetsuya Yamada isə qeyd edib ki, şirkət 1996-cı ildə Azərbaycana investisiya qoyan ilk Yaponiya şirkəti olub və son 30 il ərzində AÇG layihəsi də daxil olmaqla enerji sektorunda SOCAR-la sıx əməkdaşlıq edib.
Onun sözlərinə görə, AÇG-dəki payın SOCAR-a satılması "Itochu"nun yenilənən strateji prioritetlərinin tərkib hissəsidir və bu addım şirkətin Azərbaycardan çıxması anlamına gəlmir. Əksinə, bu qərar SOCAR-la əməkdaşlığın yeni mərhələsinə keçidi simvolizə edir. T.Yamada vurğulayıb ki, Azərbaycan bundan sonra da "Itochu" üçün mühüm investisiya və ticarət bazarı olaraq qalacaq və şirkət SOCAR-la həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda yeni layihələrin reallaşdırılmasını nəzərdən keçirməyə davam edəcək.
Qeyd edək ki, SOCAR Azərbaycanın ən böyük inteqrə olunmuş enerji şirkətidir və neft-qaz ehtiyatlarının hasilatı, emalı, nəqli və satışı ilə məşğuldur.
1858-ci ildə təsis edilən "Itochu" isə Yaponiyanın aparıcı ticarət və investisiya konqlomeratlarından biridir. Şirkət dünyanın 61-ə yaxın ölkəsində fəaliyyət göstərir və enerji, mədən sənayesi, avtomobil, kimya, qida və digər sahələrdə iri layihələr həyata keçirir.
https://report.az/energetika/socar-azeri-ciraq-gunesli-layihesinde-itochu-korporasiyasina-mexsus-istirak-payini-alib