Qara dəniz "Yaşıl Enerji Dəhlizi" ("Black Sea Energy") layihəsinin işlənmə mərhələsinə rəsmi start verilib.
"Report" xəbər verir ki, bu barədə "Green Energy Corridor Power Company" ("GECO Power") birgə müəssisəsi məlumat yayıb.
Bildirilib ki, müvafiq qərar layihənin operatoru olan "GECO Power" şirkətinin Direktorlar Şurasının altıncı iclasında qəbul edilib.
Layihənin yeni mərhələyə keçidi Bakıda keçirilən 12-ci nazirlər görüşündə iştirakçı ölkələrin hökumətləri tərəfindən texniki-iqtisadi əsaslandırmanın (TİƏ) rəsmi şəkildə təsdiqlənməsindən sonra mümkün olub.
Direktorlar Şurasının iclasında layihənin növbəti inkişaf mərhələsi üzrə əsas prioritetlər müəyyənləşdirilib. Bunlara konseptual layihələndirmə, mühəndis-axtarış işlərinin həyata keçirilməsi və satınalma strategiyasının hazırlanmasını əhatə edən ikinci iş axınının ("Workstream 2") başlanması daxildir. Bununla yanaşı, layihənin icrası üzrə alternativ ssenarilərin səhmdarlara təqdim olunması da nəzərdə tutulur.
Şirkət həmçinin ilk elektrik kabelinin çəkilməsi üçün dəniz dibinin öyrənilməsi üzrə xidmətlərin satın alınmasına hazırlıq işlərinə başlayıb. Paralel olaraq, beynəlxalq maliyyə institutları, texnologiya təchizatçıları və layihə tərtibatçıları ilə əməkdaşlıq daha da genişləndirilir.
Bundan əlavə, layihəyə Avropa İttifaqının qarşılıqlı və ümumi maraq doğuran layihə (PMI/PCI) statusunun verilməsi istiqamətində işlərin davam etdirildiyi bildirilib. Bu statusun əldə olunması təşəbbüsün Avropanın enerji infrastrukturunda rolunun gücləndirilməsinə xidmət edəcək.
İclasda, eyni zamanda, "GECO Power"in büdcəsinin icrası və layihədə iştirak edən ölkələrin milli tənzimləyici qurumları ilə əməkdaşlığın inkişafı məsələləri də müzakirə olunub.
Şirkətin məlumatına görə, "Yaşıl Enerji Dəhlizi" layihəsi bərpa olunan enerji mənbələrinin genişmiqyaslı inteqrasiyasını təmin etməklə yanaşı, regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və Cənubi Qafqaz ilə Avropa arasında enerji əməkdaşlığının genişlənməsinə töhfə verərək Avropanın ən iri transsərhəd enerji infrastruktur layihələrindən birinə çevrilir.
Xatırladaq ki, layihənin əsası 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə strateji tərəfdaşlığa dair sazişin imzalanması ilə qoyulub.
Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu isə 2023-cü il iyulun 25-də dörd ölkə tərəfindən imzalanıb.
Layihə çərçivəsində Gürcüstan və Rumıniyanı birləşdirəcək Qara dəniz sualtı elektrik kabelinin inşası nəzərdə tutulur. Uzunluğu 1 115 km dəniz altında və 40 km quruda olacaq kabel 525 kV gərginliyə və 1 300 MVt ötürmə gücünə malik olacaq. Tikintinin 2032-ci ildə başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, layihə Avropa İttifaqının qarşılıqlı maraq doğuran layihələr siyahısına daxil edilib və Avropa Komissiyası onun həyata keçirilməsinə 2,3 milyard avro ayırmağı planlaşdırır.
https://report.az/energetika/qara-deniz-enerji-dehlizi-layihesinde-islenme-merhelesine-kecilib