"Azəri-Çıraq-Dərin sulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin operatoru BP şirkəti, AÇG üzrə illik iş proqramı çərçivəsində "Mərkəzi Azəri" platformasında bu gündən (19 avqust) başlayaraq 11 gün ərzində planlı təmir işlərinin (turnaround – TAR) aparılacağını bildirir, "Report" şirkətə istinadən xəbər verir.
Təmir dövründə həmin platformadan hasilatın azalacağı gözlənilsə də, o tam dayandırılmayacaq. Platformalarda tətbiq olunan qabaqcıl texnologiyalar təmir işləri aparılarkən təhlükəsiz şəkildə hasilatı davam etdirməyə imkan verir. Bu da bütün təmir dövrü ərzində təhlükəsiz və etibarlı əməliyyatları qoruyaraq hasilata təsiri minimuma endirməyə kömək edir.
"Azəri" sahəsi obyektlərinin inteqrasiya olunmuş dizaynı və əməliyyat konfiqurasiyası səbəbindən bu dövrdə "Şərqi Azəri" və "Qərbi Azəri" platformalarından hasilat da müvəqqəti olaraq azaldılacaq.
TAR zamanı kritik dayanıqlılıq və təmir işləri, məşəl sisteminin təkmilləşdirilməsi, etibarlılığın artırılması təşəbbüsləri və anomaliyaların aradan qaldırılması fəaliyyətləri də daxil olmaqla müxtəlif layihələr həyata keçiriləcək.
Təmir proqramı həmçinin "Mərkəzi Azəri Qaz Genişləndirmə" (CAGE) layihəsinin icrasını dəstəkləyən fəaliyyətləri də əhatə edəcək. Bu layihə platformada qazın yenidən vurulması gücünü artırmaqla mövcud quyulardan maksimum neftverim əmsalı əldə etməyə kömək etmək üçün nəzərdə tutulub.
TAR proqramı çərçivəsində CAGE ilə bağlı fəaliyyətlərə kompressorların qəbul edən kollektor boru kəmərlərinin dəyişdirilməsi, temperatur cihazlarının yenilənməsi və qazın vurulması gücünü artırmaq və əməliyyat çevikliyini yüksəltmək üçün yönləndirici klapanların quraşdırılması daxildir.
"Mərkəzi Azəri" TAR proqramı planlaşdırılmış tədbirdir və normal əməliyyatların bir hissəsidir. Proqramın planlaşdırma mərhələsi 2025-ci ildə başlayıb və bu fəaliyyətlər 2026-cı ilin İllik İş Proqramı və Büdcəsinə daxil edilib. Hasilatın azaldılması da illik hasilat proqnozuna daxildir.
AÇG-nin digər platformalarından, həmçinin "Şahdəniz" yatağındakı platformalardan hasilat və Sanqaçal terminalının əməliyyatları normal rejimdə davam edəcək.
Bu planlaşdırılmış tədbir zəruri təmir və qurğu modifikasiyası işləri ilə əlaqədar olaraq uzunmüddətli etibarlılıq, dayanıqlılıq və hasilat performansının vacib hissəsidir.
https://report.az/energetika/merkezi-azeri-platformasinda-planlasdirilmis-profilaktik-isler-aparilacaq