Azərbaycanın enerji sektorunun nümayəndələrindən ibarət nümayəndə heyəti Çində xüsusi təlim və texniki səfər proqramında iştirak edir, "Report" Energetika Nazirliyinə istinadən xəbər verir.
Çinin "Datang" Korporasiyası Azərbaycan enerji mütəxəssisləri üçün iki həftəlik təlim və texniki səfər proqramı təşkil edib. Proqram Azərbaycan-Çin enerji əməkdaşlığının daha da inkişaf etdirilməsi, qabaqcıl texnologiyalar sahəsində təcrübə mübadiləsi və peşəkar əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.
Təlim proqramının açılışında video bağlantı vasitəsilə çıxış edən Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov proqramın Azərbaycan-Çin enerji əməkdaşlığının inkişafı üçün əhəmiyyətini vurğulayıb.
"Datang" Korporasiyasının baş direktor müavini Li Deyong təlim iştirakçılarını salamlayıb və proqramın icrasında uğurlar arzulayıb.
Proqram çərçivəsində iştirakçılar külək və hidrogen enerjisi, qabaqcıl enerji saxlama sistemləri (o cümlədən sıxılmış hava ilə enerji saxlama – CAES), inteqrasiya olunmuş külək-günəş-enerji saxlama sistemləri, müasir yüksək səmərəli qaz turbinləri, ənənəvi su elektrik stansiyaları və nasoslu su elektrik stansiyalarına dair təqdimatlar və praktiki məlumatlarla tanış olurlar.
Səfər proqramının mühüm hissəsi Çendu və Çunçin şəhərlərində qabaqcıl sənaye və enerji layihələrinə texniki səfərləri əhatə edir. Bu səfərlər zamanı Azərbaycan nümayəndələri müasir enerji texnologiyalarının tətbiqi, istismarı və enerji sistemlərinə inteqrasiyası ilə bağlı əyani təcrübə əldə edirlər.
Səfərdə Energetika Nazirliyinin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin, "AzərEnerji" ASC-nin və "Azərişıq" ASC-nin nümayəndələri iştirak edir.
https://report.az/energetika/azerbaycan-cin-ile-enerji-sahesinde-tecrube-mubadilesini-genislendirir