XƏBƏRLƏR

Mikayıl Cabbarov: SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur

AVQUST 24, 2026

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur. Bu barədə "Report" Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun bu gün Daşkənddə keçirilən IV Azərbaycan-Özbəkistan Regionlararası Forumunda çıxışına istinadən xəbər verir.

Nazir xatırladıb ki, Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR "Uzbekneftegaz" və BP ilə tərəfdaşlıq çərçivəsində investor kimi Özbəkistan regionlarının birində yerləşən perspektivli "Üstyurt" yatağının işlənməsində fəal iştirak edir.

"Bizə göstərilən etimadı yüksək qiymətləndiririk. SOCAR qardaş Özbəkistanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək. Həmçinin bu gün Özbəkistanın pərakəndə ticarət bazarına daxil olacağı və yanacaqdoldurma məntəqələri şəbəkəsinin tikintisinə investisiyalar yatırılacağı rəsmən elan ediləcək", – deyə Cabbarov vurğulayıb.

Nazir əlavə edib ki, "AzerGold" QSC özbəkistanlı həmkarları ilə tərəfdaşlıq çərçivəsində geoloji-kəşfiyyat işləri aparacaq və hasilat fəaliyyəti ilə məşğul olacaq.

"Bütün bu fəaliyyət Özbəkistanın regionlarında həyata keçirilir", – deyə M. Cabbarov əlavə edib.

https://report.az/energetika/mikayil-cabbarov-socar-ozbekistanin-perakende-ticaret-bazarina-daxil-olur