Avqustun 19-da başlayan və 11 günə nəzərdə tutulmuş "Mərkəzi Azəri" platformasında planlı təmir proqramı (turnaround – TAR) vaxtından əvvəl tam başa çatdırılıb. Bu barədə "Report" "Azəri-Çıraq-Dərin sulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin operatoru BP Azərbaycana istinadən xəbər verir.
Proqramın bütün işləri təhlükəsiz şəkildə yerinə yetirilib. Hazırda hasilat tədricən proqramdan əvvəlki səviyyəyə qaldırılır.
Proqram çərçivəsində kritik dayanıqlılıq və təmir işləri, məşəl sisteminin təkmilləşdirilməsi, etibarlılığın artırılması təşəbbüsləri və anomaliyaların aradan qaldırılması fəaliyyətləri də daxil olmaqla müxtəlif layihələr həyata keçirilib.
Təmir proqramı həmçinin platformada qazın yenidən vurulması gücünü artırmaqla mövcud quyulardan maksimum neftverim əmsalı əldə etməyə kömək etmək üçün nəzərdə tutulmuş "Mərkəzi Azəri Qaz Genişləndirmə" (CAGE) layihəsinin icrasını dəstəkləyən fəaliyyətləri də əhatə edib.
Bu planlaşdırılmış tədbirlər uzunmüddətli etibarlılıq, dayanıqlılıq və hasilat performansının vacib hissəsidir və regionda BP tərəfindən idarə olunan bütün obyektlərdə mütəmadi olaraq həyata keçirilir.
https://report.az/energetika/merkezi-azeri-platformasinin-profilaktik-isler-proqrami-basa-catib