XƏBƏRLƏR

SOCAR-ın prezidenti Çin İxrac-İdxal Bankının vitse‑prezidenti ilə görüşüb

AVQUST 28, 2026

Avqustun 26‑da SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin İxrac-İdxal Bankının vitse‑prezidenti Van Kanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb, "Report" şirkətə istinadən xəbər verir.

Görüşdə SOCAR ilə Çin şirkətləri və maliyyə institutları arasında münasibətlərin uğurla inkişaf etdiyi, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli layihələrin həyata keçirildiyi qeyd olunub.

Söhbət zamanı SOCAR-ın Azərbaycan və xaricdəki layihələri, habelə gələcək üçün nəzərdə tutulan layihələr barədə məlumat verilib. Müzakirə zamanı həmçinin Çin hökumətinin maliyyə qurumu kimi fəaliyyət göstərən Bankın xaricə investisiyaların dəstəklənməsi və beynəlxalq iqtisadi əməkdaşlıq üçün həyata keçirdiyi layihələrə dair icmal təqdim olunub.

Tərəflər enerji sektorunun müxtəlif sahələri, o cümlədən emal sənayesi üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

https://report.az/energetika/socar-cin-ixrac-idxal-banki-ile-emal-senayesinde-emekdasligi-muzakire-edib