XƏBƏRLƏR

İnvestisiya Nazirliyi: SOCAR Özbəkistanda 2 milyard dollarlıq layihədə iştirak edir

AVQUST 28, 2026

Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət naziri Laziz Kudratov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf yeni əməkdaşlıq təşəbbüslərini müzakirə ediblər. Bu barədə "Report" Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir.

Tərəflər iki ölkə arasında ticarət, iqtisadi və investisiya tərəfdaşlığının mövcud vəziyyəti və genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Xüsusi diqqət davam edən birgə layihələrin praktiki icrasına, habelə enerji və sənaye sahələrində yeni perspektivli təşəbbüslərin işlənib hazırlanmasına yönəldilib.

Danışıqların yekununda tərəflər əməkdaşlığı daha da dərinləşdirməyə, qarşılıqlı ticarət həcmini artırmağa və strateji layihələrin irəliləməsini sürətləndirməyə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.

Nazirliyin məlumatına görə, SOCAR Özbəkistanda "Üstyurt" karbohidrogen yatağının işlənməsi layihəsində iştirak edir. Bu layihəyə təxminən 2 milyard dollar həcmində investisiya nəzərdə tutulub.

2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və "Özbəkneftqaz" arasında Üstyurt regionunda geoloji kəşfiyyat və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan Hasilatın Pay Bölgüsü Sazişi (PSA) imzalanıb.

Saziş Üstyurtda altı investisiya blokunu – Boyterak, Terengkuduk, Birgori, Xaroy, Karakalpak və Kulboyu əhatə edir. Geoloji kəşfiyyat mərhələsində SOCAR operator kimi çıxış edəcək. Sənədə əsasən, ilkin beşillik dövr ərzində kəşfiyyat işlərinin aparılması və ən azı bir axtarış quyusunun qazılması nəzərdə tutulur. Razılaşmanın şərtlərinə görə, 1000 kvadrat kilometrdən az olmayan ərazidə 3D seysmik tədqiqat işlərinin aparılması planlaşdırılır.

Proqnozlara görə, Üstyurt bloklarında ehtiyatı 100 milyon ton neft və 35 milyard kubmetr təbii qaz olan yataq aşkar edilə bilər. Layihənin istismara verilməsindən sonra Üstyurt yaylasında ildə 5 milyon ton neft hasil ediləcəyi gözlənilir.

https://report.az/energetika/investisiya-nazirliyi-socar-ozbekistanda-2-milyard-dollarliq-layihede-istirak-edir