Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycan sektorunda okean dibi node texnologiyası ilə yüksək rezolyusiyalı 3D seysmik tədqiqat layihəsinin (3D-HD OBN) icrasına başlayıb, "Report" "Caspian Geo"ya istinadən xəbər verir.
İşlər SOCAR-ın "Dayazsulu Günəşli" (SWG) layihəsi çərçivəsində aparılır. Bu təşəbbüs SOCAR-ın infrastrukturun sıx olduğu ərazidə – tədqiqat zonasında 15 platformanın və geniş sualtı rabitə şəbəkəsinin yerləşdiyi sahədə Okean Dibində Node (OBN) texnologiyasının tətbiqində ilk təcrübəsidir.
Geofiziki tədqiqatların əsas məqsədi yatağın bütün ərazisi üzrə yüksək keyfiyyətli məlumat əhatəsi təmin etmək və sonrakı ehtiyatların qiymətləndirilməsi və işlənmə planlaması üçün yeraltı geoloji quruluşun detallı xəritələşdirilməsini təkmilləşdirməkdir.
Sıx sənaye infrastrukturu şəraitində əməliyyatların aparılması hərtərəfli ilkin planlaşdırma tələb edib. Əməliyyatlara başlamazdan əvvəl fəaliyyətdə olan obyektlərin təhlükəsizliyinə diqqət yetirilərək hərtərəfli Təhlükənin Müəyyən Edilməsi (HAZID) tədqiqatı və risk qiymətləndirməsi aparılıb. Bundan əlavə, bütün cəlb olunmuş komandalar arasında sıx koordinasiyanı təmin etmək üçün sifarişçi ilə birlikdə Eynivaxtlı Əməliyyatlar planı (SIMOPS) hazırlanıb.
Dəniz əməliyyatları hazırda aktiv mərhələdədir. Qəbuledici kabel xətlərinin təxminən 75%-i yerləşdirilib və əməliyyatlar avadanlıqların davamlı yerdəyişmə (rolling) mərhələsinə keçib.
https://report.az/energetika/socar-ilk-defe-olaraq-xezerde-obn-texnologiyasinin-tetbiqi-ile-3d-seysmik-kesfiyyat-islerine-baslayib