XƏBƏRLƏR

SOCAR "Comstock Resources" ilə 1,65 milyard dollarlıq Niyyət Məktubu imzalayıb

SENTYABR 01, 2026

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin "Comstock Resources, Inc." şirkəti arasında strateji tərəfdaşlığın qurulması istiqamətində Niyyət Məktubu imzalanıb. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

Sənədə əsasən, SOCAR "Comstock"un "Legacy Haynesville" upstream aktivlərindəki iştirak payının 20%-ni, "Western Haynesville" upstream aktivlərindəki iştirak payının 15%-ni, həmçinin "Pinnacle Gas Services LLC"də "Comstock"a məxsus 73%-lik iştirak payının 15%-ni əldə edəcək. "Western Haynesville" aktivləri üzrə SOCAR-ın 15%-lik iştirak payının həmin aktivlərə investisiya üzrə 15% gəlirlilik əldə edildikdə, müvafiq şərtlərə uyğun olaraq 7,5%-ə endirilməsi nəzərdə tutulur.

Əməliyyatın ümumi dəyəri, standart alış qiyməti düzəlişləri nəzərə alınmaqla, 1,65 milyard ABŞ dolları təşkil edir. Əməliyyatın maliyyələşdirilməsi üçün müvafiq tədbirləri SOCAR planlaşdırır. Tərəflər yekun alqı‑satqı müqaviləsinin 31 oktyabr 2026‑cı il tarixindən gec olmayaraq razılaşdırılmasını və imzalanmasını, eləcə də əməliyyatın zəruri dövlət və üçüncü tərəf təsdiqlərinin alınması da daxil olmaqla müvafiq şərtlərin yerinə yetirilməsindən sonra 31 dekabr 2026‑cı il tarixinədək tamamlanmasını hədəfləyirlər.

Strateji tərəfdaşlıq çərçivəsində SOCAR-ın "Comstock"un "Legacy Haynesville" və "Western Haynesville"də gələcəkdə yaradacağı yeni imkanlarda müvafiq iştirak paylarına uyğun şəkildə iştirak etməsi planlaşdırılır. Bununla yanaşı, tərəflər "Comstock"un təbii qazının beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, bu tərəfdaşlıq SOCAR və "Comstock"un zəngin təcrübəsini və geniş imkanlarını bir araya gətirərək strateji əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır: "Haynesville və Western Haynesville yataqlarının işlənməsi üzrə böyük təcrübəyə malik komanda ilə birgə investisiya yatırmaqdan məmnunuq və uzunmüddətli tərəfdaşlığımızın uğurla inkişaf edəcəyinə inanırıq".

"Comstock" şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru M. Cey Allison isə SOCAR ilə strateji tərəfdaşlığı elan etməkdən məmnun olduqlarını bildirib: "Bu tərəfdaşlıq nüfuzlu beynəlxalq strateji tərəfdaşın cəlb olunmasına imkan verəcək ki, bu da investorlarımız üçün dəyər yaradılmasını sürətləndirməyə, eyni zamanda borc yükümüzü əhəmiyyətli dərəcədə azaltmağa və Western Haynesville ərazisinin planlaşdırılan işlənməsinin tam maliyyələşdirilməsinə kömək edəcək. Bununla yanaşı, Comstock upstream və midstream aktivləri üzrə operatorluğunu və nəzarətini saxlayacaq, iştirak payının mərhələli şəkildə azalmasını nəzərdə tutan mexanizm vasitəsilə gələcək dəyər yaratma potensialını da qoruyacaq".

Comstock bütün upstream aktivlərinin operatoru olaraq qalacaq və Pinnacle Gas Services LLC-nin idarə edilməsi və əməliyyat nəzarətini davam etdirəcək. Gələcək işlənmə proqramları, eləcə də qarşılıqlı maraq sahəsində yeni icarə və satınalmalar üzrə SOCAR-ın proporsional iştirakı yekun əməliyyat çərçivəsində ayrıca razılaşmalarla tənzimlənəcək.

https://report.az/energetika/socar-ile-comstock-resources-sirketi-arasinda-strateji-terefdasliq-uzre-niyyet-mektubu-imzalanib