XƏBƏRLƏR

Şahbazov: Azərbaycan 2032-ci ilədək iki yeni yaşıl enerji dəhlizini işə salacaq

SENTYABR 07, 2026

 

 

Azərbaycan 2032-ci ildən etibarən iki yeni yaşıl enerji dəhlizini istismara verməyi planlaşdırır. Bu barədə energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) çərçivəsindəki çıxışında bildirib, "Report" xəbər verir.

Şahbazov vurğulayıb ki, Azərbaycanın strateji prioritetlərindən biri regional və regionlararası bağlantılar vasitəsilə yaşıl enerjinin beynəlxalq bazarlara çatdırılmasıdır.

"Ümumi gücü 3,900 MVt olan Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizinin texniki-iqtisadi əsaslandırması layihənin reallaşdırıla biləcəyini təsdiqləyib. 2032-ci ildən etibarən həm bu dəhlizin birinci mərhələsinin, həm də Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Bağlantısının istismara verilməsi gözlənilir", – deyə o bildirib.

Nazir həmçinin Gürcüstan, Zəngəzur dəhlizi və Azərbaycanın Naxçıvan MR ərazisindən Türkiyə və Avropa istiqamətində yeni dəhlizlərin inkişafı üçün konkret addımların atıldığını qeyd edib:

"Qurduğumuz şaxələndirilmiş enerji bağlantıları regionlararası enerji təhlükəsizliyini gücləndirəcək və Azərbaycanın sərhədlərindən kənarda geniş coğrafiyada emissiyaların azaldılmasına töhfə verəcək."

Şahbazov əlavə edib ki, dünya Türkiyədə keçiriləcək COP31-ə doğru irəlilədikcə (burada təmiz enerji keçidi və elektrikləşmə əsas prioritetlər olacaq), Azərbaycan COP29-un irsini davam etdirərək enerji keçidi gündəliyini konkret layihələrə, regional bağlantılara və real emissiya azalmalarına çevirməyə davam edəcək.

"Biz gələcəyin enerji sisteminin təkcə daha yaşıl deyil, həm də daha təhlükəsiz, çevik və davamlı olması lazım olduğuna inanırıq", – deyə o qeyd edib.

https://report.az/energetika/perviz-sahbazov-azerbaycan-2032-ci-ilden-2-yeni-yasil-enerji-dehlizini-istifadeye-verecek