Azərbaycanda külək enerjisi istehsalının 2026‑cı ilin sonunadək təxminən 6 dəfə artacağı gözlənilir. Bu sözləri energetika naziri Pərviz Şahbazov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026) çərçivəsindəki çıxışında deyib, "Report" xəbər verir.
Onun sözlərinə görə, hazırda təxminən 8 giqavat gücündə günəş və külək enerjisi layihələrinin icrası ilə yanaşı, elektrik şəbəkələri gücləndirilir, enerji saxlama sistemləri tətbiq olunur, sistemin çevikliyi artırılır və yeni interkonnektorlar işlənib hazırlanır.
"Bu istiqamətdə nəticələr artıq enerji balansımızda özünü göstərir. Bu ilin sonunadək külək enerjisi istehsalının təxminən 6 dəfə, günəş enerjisi istehsalının isə 26%-dən çox artacağını gözləyirik. 2027-ci ilin sonunadək təxminən 2 giqavat gücündə günəş və külək enerjisi gücləri şəbəkəyə inteqrasiya olunacaq və bu, illik emissiyaların 2,4 milyon ton azalmasına imkan verəcək. Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji baxış bizim əsas rəhbər prinsipimizdir: enerji təhlükəsizliyini 'yaşıl keçid' ilə uyğunlaşdırmaq, Azərbaycanın mövcud enerji liderliyindən istifadə edərək davamlı, aşağı karbonlu enerji sistemi qurmaq və diversifikasiya olunmuş enerji əlaqələri vasitəsilə ölkəmizin regional yaşıl enerji mərkəzi kimi mövqeyini möhkəmləndirmək", – Şahbazov vurğulayıb.
Nazir qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın "yaşıl keçid"inin əsas əraziləridir: "Bu ərazilərdə yenidənqurma, enerji və iqlim siyasəti bir araya gəlir. Biz həmçinin Naxçıvanda yaşıl enerji zonası konsepsiyasının həyata keçirilməsi üçün ardıcıl addımlar atırıq."
https://report.az/energetika/nazir-azerbaycanda-kulek-enerjisi-istehsali-ilin-sonunadek-6-defe-artacaq