XƏBƏRLƏR

BP 8 ölkədə yerləşən Günəş Enerjisi İnstitutu ilə birgə yeni proqrama başlayır

SENTYABR 08, 2026

BP Almaniya da daxil olmaqla səkkiz ölkədə yerləşən Günəş Enerjisi İnstitutu ilə birgə "Train the Trainers" formatında yeni proqramın elan olunmasını planlaşdırır. Bu barədə "Report" BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse‑prezidenti Bəxtiyar Aslanbəylinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) müasir bərpa olunan enerji laboratoriyasının açılışındakı çıxışına istinadən xəbər verir.

Onun sözlərinə görə, hər kəs layihənin yekunlaşmasına və növbəti mərhələyə çatmasına öz töhfəsini verib: "Layihənin əsası 2020‑ci ildə qoyulub. Həmin dövrdə BP‑nin strategiyasında bərpa olunan enerji sahəsi xüsusi istiqamətlərdən biri olub. 2020‑ci ildə ilk dəfə bu istiqamətdə təşəbbüs irəli sürüləndə əsas diqqət çəkən məsələlərdən biri ölkədə bərpa olunan enerji sahəsində kadr potensialının necə formalaşdırılması idi. Həmin vaxt bu təşəbbüsün dəstəklənməsi ilə bağlı müzakirələr aparıldı və nazirlik tərəfindən belə bir təşəbbüsə böyük məmnuniyyətlə dəstək veriləcəyi bildirildi."

Aslanbəyli bildirib ki, ilkin investisiya cəlb edildikdən sonra proqram Elm və Təhsil Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilib: "Belə bir ikili proqram əvvəl Təhsil Nazirliyinin, daha sonra isə Elm və Təhsil Nazirliyinin müstəsna dəstəyi ilə mümkün olub. Proqramın elmi‑texniki bazası, o cümlədən laboratoriyalar məhz bu layihə çərçivəsində yaradılıb. Layihə çərçivəsində müəllimlərin ingilis dili biliklərinin artırılması, eləcə də iki qrup – iki kohort tələbə üçün dəstək proqramları həyata keçirilib. Bu gün açılışında iştirak etdiyimiz mərkəz bizim üçün sadəcə avadanlıq və laboratoriyaya qoyulan investisiya deyil. Bu, Azərbaycanın insan kapitalına, insan potensialına və yeni enerji, xüsusilə də bərpa olunan enerji sahəsinin gələcəyinə qoyulan sərmayədir."

O əlavə edib ki, BP‑nin Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihələr bununla kifayətlənmir: "İndiyədək Azərbaycan dilində ilk 'Bərpa olunan enerji ehtiyatlarına giriş' dərsliyi tərcümə olunub. Bundan əlavə, iki peşə məktəbində daha kiçikmiqyaslı laboratoriyalar yaradılıb. Yaxın günlərdə Almaniya da daxil olmaqla səkkiz ölkədə yerləşən Günəş Enerjisi İnstitutu ilə birgə 'Train the Trainers' formatında yeni proqramın elan olunması nəzərdə tutulur. Bu proqram çərçivəsində bərpa olunan enerji üzrə 20 təlimçinin hazırlanması planlaşdırılır. Hazırda Bakı Dövlət Universitetində enerji saxlanc sistemləri üzrə laboratoriyanın qurulması ilə bağlı işlər aparılır. Gələn həftə bu istiqamətdə müzakirələrimiz olacaq və müqavilənin imzalanması ərəfəsindəyik."

https://report.az/energetika/bp-8-olkede-yerlesen-gunes-enerjisi-institutu-ile-birge-yeni-proqrama-baslayir