Fiziki infrastrukturun qurulması sərhədyanı yaşıl enerji dəhlizlərinin inkişafının yalnız bir hissəsidir, çünki tənzimləyici və institusional çərçivələr paralel inkişaf etdirilmədikdə, bu cür layihələr kommersiya cəlbediciliyini itirə bilər. Bu fikirləri Dünya Bankının Enerji Sektorunun İdarə Edilməsinə Yardım Proqramının (ESMAP) baş enerji iqtisadçısı Klar Marion Nikolas "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən panel müzakirəsində səsləndirib, "Report" xəbər verir.
Nikolas qeyd edib ki, bir çox regionların təcrübəsi göstərir ki, interkonnektorların tikintisi və texniki maneələrin aradan qaldırılması prosesin çox vaxt daha asan hissəsidir.
"Ən çətin iş elektrik enerjisinin milli sərhədlər boyu maneəsiz axmasına imkan verən hərtərəfli ekosistemin yaradılmasıdır", – deyə o bildirib.
Nikolasın sözlərinə görə, tam inteqrasiya bir neçə sahədə əlaqələndirilmiş tədbirlər tələb edir – ümumi bazar qaydaları, əməliyyat koordinasiyası, harmonizə edilmiş tənzimləyici çərçivələr və yaşıl elektrik enerjisinin mənşəyini təsdiq edən etibarlı mexanizmlər.
O, Mərkəzi Asiyadan Cənubi Qafqaz, Türkiyə və Qara dəniz regionu vasitəsilə Avropa İttifaqına qədər uzanan inkişaf etməkdə olan elektrik dəhlizini xüsusi qeyd edib.
"Bu miqyaslı təşəbbüslər üçün texniki və tənzimləyici infrastrukturun eyni vaxtda inkişaf etdirilməsi vacibdir. Əgər biz təkcə ötürücü xətlərin tikintisi ilə məhdudlaşsaq, fiziki əlaqəliliyə nail ola bilərik, lakin kommersiya dəyəri itirilə bilər", – deyə Nikolas vurğulayıb.
https://report.az/energetika/dunya-banki-normativ-baza-olmadan-transserhed-yasil-enerji-dehlizleri-kommersiya-deyerini-itirir