Azərbaycan və Vyetnam Naxçıvanda külək və günəş enerjisi layihələrinin icrasını müzakirə ediblər. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki paylaşımında bildirib, "Report" xəbər verir.
Məsələlər onun Vyetnamın "ROX Energy Global" şirkətinin baş direktoru Pham Minh Tuan ilə görüşü zamanı müzakirə olunub.
"Vyetnamın ROX Energy Global şirkətinin baş direktoru Pham Minh Tuan ilə Naxçıvanda 200 MVt gücündə külək enerjisi layihəsi üzrə irəliləyişləri və günəş enerjisi layihəsinin inkişaf etdirilməsi imkanlarını müzakirə etdik. Naxçıvanın enerji sisteminin gücləndirilməsi, Türkiyə ilə elektrik əlaqəsinin qurulması və yaşıl enerjinin Türkiyə bazarına ixracı kontekstində yeni layihələrin perspektivləri ilə bağlı fikir mübadiləsi apardıq", – deyə Pərviz Şahbazov bildirib.
Ötən ilin iyulunda Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Vyetnamın "ROX Energy Global" şirkəti arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənəd I Azərbaycan‑Vyetnam Biznes Şurası və Biznes Forumu çərçivəsində imzalanıb və enerji saxlama sistemləri, şəbəkədən kənar və şəbəkəyə qoşulan günəş enerjisi sistemləri, quruda və dənizdə külək enerjisi, həmçinin hidrogen və ammonyak istehsalı sahələrində əməkdaşlığı nəzərdə tutur.
https://report.az/energetika/azerbaycan-ve-vyetnam-naxcivandaki-yasil-enerji-layihelerini-muzakire-edib