XƏBƏRLƏR

Türkiyə şirkəti Azərbaycanla elektrik enerjisinin ötürülməsi üzrə əməkdaşlığı genişləndirəcək

SENTYABR 11, 2026

Türkiyənin Elektrik Ötürmə Səhmdar Cəmiyyəti ("Türkiye Elektrik İletim A.Ş." – TEİAŞ) Azərbaycanla elektrik enerjisinin ötürülməsi üzrə əməkdaşlığı genişləndirəcək. Bu barədə "Report" TEİAŞ‑ın İdarə Heyətinin sədri Mustafa Pustunun Bakıda keçirilən V Azərbaycan‑Türkiyə Enerji Forumundakı çıxışına istinadən xəbər verir.

Onun sözlərinə görə, elektrik enerjisinin ötürülməsi iqtisadi inkişafın, sosial rifahın və milli təhlükəsizliyin əsas ünsürlərindən biridir: "Bununla yanaşı, enerji keçidi, bərpa olunan enerji mənbələrinin elektrik ötürücü şəbəkələrinə inteqrasiyası və ölkələr arasında interkonnektor gücünün inkişaf etdirilməsi artıq yalnız milli deyil, regional miqyasda nəzərdən keçirilməli olan məsələlərə çevrilib."

O qeyd edib ki, TEİAŞ Türkiyə elektrik sisteminin təhlükəsiz, keyfiyyətli və fasiləsiz istismarına və inkişaf etdirilməsinə görə məsuliyyət daşıyır: "AzərEnerji ilə texniki bilik və təcrübə mübadiləsinin artırılmasına, birgə layihələrin hazırlanmasına və regional interkonnektor imkanlarının inkişaf etdirilməsinə böyük önəm veririk. Bu prosesdə hədəfimiz yalnız yeni ötürücü xətlərin çəkilməsi deyil, Türkiyə və Azərbaycanın strateji üstünlükləri nəzərə alınmaqla, qarşılıqlı etimada əsaslanan, texniki cəhətdən güclü, kommersiya baxımından tətbiq oluna bilən və uzunmüddətli perspektivdə davamlı regional elektrik infrastrukturunun formalaşdırılmasıdır."

Pustu vurğulayıb ki, TEİAŞ üzərinə düşən öhdəlikləri yerinə yetirməyə, Azərbaycan şirkətləri ilə sıx koordinasiyada çalışmağa və ölkələrin birgə enerji baxışına töhfə verməyə hazırdır.

https://report.az/energetika/turkiye-sirketi-azerbaycanla-elektrik-enerjisinin-oturulmesi-uzre-emekdasligi-genislendirecek