XƏBƏRLƏR

Moody's: Süni intellektin artımı şəraitində enerjiyə çıxış regional rəqabət qabiliyyətinin açarıdır

SENTYABR 14, 2026

Enerji resurslarının mövcudluğu və elektrik enerjisi istehsalının əhəmiyyətli dərəcədə genişləndirilməsi, rəqəmsal infrastruktura və süni intellekt texnologiyalarına artan tələbat şəraitində Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin rəqabət qabiliyyətini müəyyən edən əsas amillər olacaq. Bu barədə "Report"a beynəlxalq reytinq agentliyi "Moody's Ratings" məlumat verib.

Agentliyin məlumatına görə, region ölkələri elektrik istehsalı, ötürülməsi və enerji saxlama sistemlərini əhatə edən iddialı enerji inkişafı proqramlarına başlayırlar.

Strategiyalar hər bir ölkənin resurs bazasından asılı olaraq fərqlənsə də, onların ümumi məqsədi enerji təhlükəsizliyini gücləndirmək və sənaye və texnoloji artımı dəstəkləmək üçün kifayət qədər güc ehtiyatı yaratmaqdır.

"Moody's" qeyd edib ki, Qazaxıstan və Azərbaycan ənənəvi və bərpa olunan resurslara birbaşa çıxışı əsas rəqabət üstünlüyü kimi nəzərdən keçirirlər. Qazaxıstan 2035-ci ilədək bərpa olunan, nüvə və ənənəvi mənbələr üzrə 26 giqavatdan (GVt) çox yeni istehsal gücü əlavə etməyi planlaşdırır, Azərbaycan isə günəş və külək layihələrinin öncüllük təşkil etdiyi geniş bərpa olunan enerji portfelini irəli aparır.

Özbəkistan regionun ən iddialı genişlənmə proqramlarından birini həyata keçirir və 2030-cu ilədək günəş, külək, istilik istehsalı, batareya saxlama və nüvə enerjisinin kombinasiyası hesabına 20–30 GVt əlavə güc əldə etməyi hədəfləyir.

"Moody's"a görə, bu layihələr rəqəmsal infrastrukturun inkişafı və güzəştli elektrik tarifləri ilə əlaqələndirilir.

Digər iqtisadiyyatlar da investisiyaları artırır; Qırğızıstan və Tacikistan Kambar‑Ata‑1 və Roqun kimi iri hidroenergetika layihələrinə prioritet verirlər.

Lakin bu iki ölkə istehsalın mövsümi dəyişkənliyi ilə bağlı risklərlə üzləşir. Bu çağırışları aradan qaldırmaq üçün onlar enerji saxlama sistemləri və bərpa olunmayan enerji mənbələrinə əsaslanan ehtiyat güclərini tətbiq edirlər.

"Moody's" analitikləri hesab edirlər ki, bu investisiya proqramlarının icrası mövcud təchizat məhdudiyyətlərini tədricən yumşaldacaq və region üzrə milli enerji sistemlərinin ümumi etibarlılığını yaxşılaşdıracaq.

https://report.az/maliyye-xeberleri/azerbaycan-adb-ile-yeni-layiheleri-muzakire-edib