Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın Corc Vaşinqton Universiteti təhsil proqramlarının həyata keçirilməsi, akademik tədqiqatların aparılması və insan resurslarının inkişafı sahələrində əməkdaşlığı müzakirə ediblər. Bu barədə “Report” SOCAR-a istinadən xəbər verir.
Müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəflə Corc Vaşinqton Universitetinin prorektoru Sevinc Məmmədova arasında keçirilən görüşdə aparılıb.
Tərəflər bu il Bakı Enerji Həftəsi çərçivəsində SOCAR və Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq haqqında Niyyət Məktubunun imzalanmasının tərəfdaşlıq üçün yeni imkanlar yaratdığını qeyd edib və sənədin icrası gedişatını nəzərdən keçiriblər.
Görüşdə universitet nümayəndələrinə SOCAR-ın qlobal genişlənmə strategiyası, Azərbaycanda və digər ölkələrdə reallaşdırdığı layihələr barədə məlumat verilib.
Tərəflər həmçinin SOCAR-ın rəqəmsallaşma və süni intellekt həllərinin tətbiqi sahəsində əldə etdiyi nailiyyətləri, o cümlədən şirkətin Karbamid zavodunun Dünya İqtisadi Forumunun Qlobal Lighthouse Şəbəkəsinə daxil edilməsini vurğulayıblar.
Görüşdə SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Corc Vaşinqton Universiteti arasında yüksək ixtisaslı mütəxəssislərin hazırlanması sahəsində tərəfdaşlıq da qeyd olunub və bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Corc Vaşinqton Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində olub, orada yaradılan şərait və imkanları yüksək qiymətləndirdiklərini bildiriblər.
Tərəflər həmçinin birgə layihələri və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığı müzakirə ediblər.
https://report.az/energetika/socar-abs-universiteti-ile-kadr-potensialinin-inkisafini-muzakire-edib