Azərbaycan 2026‑cı ilin yanvar‑avqust aylarında Bakı‑Tbilisi‑Ceyhan (BTC) neft ixrac boru kəməri ilə 16,75 milyon ton neft nəql edib. Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu həcm 2025‑ci ilin ilk səkkiz ayı ilə müqayisədə 8,8% az olub.
Hesabat dövründə neft nəqlinin 76,6%-i BTC boru kəməri vasitəsilə həyata keçirilib.
Kəmərlə nəql olunan neftin 81,9%-i, yəni 13,7174 milyon tonu Azərbaycanda hasil edilən neft, 18,1%-i, yəni 3,0285 milyon tonu isə Türkmənistan və Qazaxıstandan gələn neft olub.
Həmin dövrdə BTC ilə nəql edilən Azərbaycan neftinin həcmi 11,3% azalıb, Türkmənistan və Qazaxıstandan gələn neftin həcmi isə 4,9% artıb.
Hazırda BTC boru kəməri əsasən Azərbaycanın “Azəri‑Çıraq‑Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti, həmçinin “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də BTC boru kəməri ilə nəql olunur.
AÇG-də səhmdarlar bunlardır: BP 30,37%, SOCAR 31,65%, MOL Group 9,57%, INPEX 9,31%, ExxonMobil 6,79%, TPAO 5,73%, ITOCHU 3,65% və ONGC Videsh Limited (OVL) 2,92%.
https://report.az/energetika/btc-kemeri-ile-neql-edilen-tranzit-neftinin-hecmi-5-e-yaxin-artib