SOCAR-ın strukturuna daxil olan “SOCAR Downstream” şirkəti Konqo Milli Neft Şirkəti (SNPC) tərəfindən layihənin idarə edilməsi üzrə məsləhətçi (PMC) seçilib.
Bununla Konqo Respublikasında yerləşən CORAF neft emalı zavodunun (NEZ) genişmiqyaslı modernləşdirilməsi layihəsi çərçivəsində Pre-FEED mərhələsinə – ilkin layihələndirmə və texniki-iqtisadi məqsədəuyğunluğun qiymətləndirilməsinə başlanılıb.
Layihə SOCAR ilə CORAF NEZ-in sahibi olan SNPC arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsi məqsədi daşıyır. “SOCAR Downstream”in idarəedici direktoru Emil Alxaslı bildirib ki, əməkdaşlıq texniki məsələlərlə yanaşı, Azərbaycan və Konqo arasında əlaqələrin gücləndirilməsinə də töhfə verir.
SOCAR və SNPC 4 aprel 2024-cü ildə Bakıda “Congolaise de Raffinage” neft emalı zavodunun modernləşdirilməsi və genişləndirilməsinin şərtləri ilə bağlı saziş imzalayıblar. Saziş çərçivəsində SOCAR mütəxəssisləri zavodun mövcud texniki vəziyyətini qiymətləndirərək istehsal imkanlarının yenilənməsi üzrə SNPC-yə göstəriləcək dəstəyin əsas istiqamətlərini müəyyənləşdirirlər.
CORAF zavodunun layihə üzrə emal gücü gündəlik 27 min barel təşkil edir. Hazırda isə müəssisədə gündə təxminən 20 min barel neft emal olunur ki, bu da illik 1 milyon tondan az həcmə bərabərdir. Zavodda istehsal olunan neft məhsullarının 50 %-dən çoxu Konqo Respublikasının daxili bazarının tələbatının qarşılanmasına yönəldilir.
Atlantik okeanı sahilində yerləşən Puent-Nuar şəhərində fəaliyyət göstərən zavod 1982-ci ilin dekabrında istismara verilib və hazırda ölkənin yeganə neft emalı müəssisəsidir.
Konqo Respublikası 2018-ci ildən OPEC üzvüdür və ölkənin təsdiqlənmiş neft ehtiyatları təxminən 1,8 milyard barel qiymətləndirilir.
2023-cü ildən etibarən SOCAR-ın ticarət bölməsi “SOCAR Trading” beynəlxalq bazarlarda CORAF zavodunun nefti və neft məhsullarının bir hissəsinin satışını həyata keçirir.
https://report.az/energetika/socar-downstream-konqodaki-yegane-nez-in-modernlesdirilmesi-uzre-qiymetlendirme-islerine-baslayir