XƏBƏRLƏR

TAP AG 2027-ci ilin sonuna Albaniyada yeni qaz nəqli obyektini istifadəyə verməyi planlaşdırır

OKTYABR 05, 2026

Azərbaycan qazını Avropaya çatdıran Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) operatoru TAP AG konsorsiumu 2027-ci ilin IV rübündə Albaniyada yeni qaz nəqli infrastrukturunun obyektlərindən birinin istismara verilməsini planlaşdırır.

Layihə Albaniyanın cənubundakı Fyer bölgəsində yerləşən “Fier South” çıxış məntəqəsi çərçivəsində qazölçmə qovşağının və təzyiqazaltma stansiyasının tikintisini nəzərdə tutur.

TAP AG bildirib ki, boru kəmərinin genişləndirilməsinin birinci mərhələsi çərçivəsində Kipoi ilə İtaliya arasındakı marşrut üzrə 2026-cı il yanvarın 1-dən etibarən ildə təxminən 1,04 milyard kubmetr əlavə uzunmüddətli nəql gücü istifadəyə verilib.

Bundan əlavə, DESFA sistemindən giriş və Albaniyanın Roskovets şəhərində yaradılan yeni çıxış nöqtəsi üçün 2026-cı il oktyabrın 1-dən təxminən 0,16 milyard kubmetr/il əlavə uzunmüddətli tutum ayrılıb.

“Fier South” layihəsi isə Fier yaxınlığında yerləşən ACS03 qaz kompressor stansiyasının yaxınlığında qazın ölçülməsi və təzyiqin azaldılması üçün yeni infrastrukturun yaradılmasını nəzərdə tutur. Tikinti başa çatdıqdan sonra obyekt Albaniya hökumətinə təhvil veriləcək. İşlərin 2027-ci ilin IV rübündə tamamlanması gözlənilir.

Həmçinin 2026-cı il oktyabrın 1-dən Nea-Mesimvriya birləşmə nöqtəsi TAP sisteminin ikinci fiziki giriş nöqtəsi kimi ikitərəfli rejimdə fəaliyyət göstərməyə başlayıb. Bu dəyişiklik TAP və Yunanıstanın təbii qaz nəqli sistemi arasında qaz axınlarının hər iki istiqamətdə həyata keçirilməsinə imkan yaradır və bazar inteqrasiyasını, eləcə də sistemin çevikliyini artırır.

TAP boru kəməri istismara verildiyi vaxtdan etibarən Avropa ölkələrinə ümumilikdə 61,4 milyard kubmetr qaz nəql edib.

TAP AG, Albaniya hökuməti və “Albgaz” Fyer şəhərində yeni giriş-çıxış nöqtəsinin yaradılması üzrə əməkdaşlığı davam etdirirlər. Bu məqsədlə tərəflər 6 iyul 2021-ci ildə əməkdaşlıq və infrastruktur obyektlərinin təhvil verilməsinə dair saziş imzalayıblar. Sazişə əsasən, tikinti tamamlandıqdan sonra obyektlərin mülkiyyəti Albaniya dövlətinə veriləcək.

Bundan başqa, TAP AG və Albaniya hökuməti arasında milli qaz bazarının inkişafına dəstək məqsədilə imzalanmış Anlaşma Memorandumuna əsasən, TAP AG “AGS CO” ilə Albaniya ərazisində TAP sisteminə və onun infrastrukturuna texniki xidmət göstərilməsi üzrə müqavilə bağlayıb.

“AGS CO” şirkətinin nizamnamə kapitalının 75 %-i dövlət qaz operatoru “Albgaz”a, 25 %-i isə İtaliyanın “Snam S.p.A.” şirkətinə məxsusdur. TAP AG ilə “AGS CO” arasında ilkin müqavilə 28 dekabr 2018-ci ildə imzalanıb.

 

https://report.az/energetika/tap-ag-gelen-ilin-sonuna-albaniyada-qaz-neqli-obyektini-istifadeye-vermeyi-planlasdirir-ekskluziv