Almaniyanın VNG AG şirkəti Azərbaycandan təbii qaz tədarükü üzrə 15-20 illik uzunmüddətli müqavilələr bağlamaq imkanını nəzərdən keçirir.
Şirkətin baş vitse-prezidenti, korporativ inkişaf üzrə rəhbəri və baş nümayəndəsi Oliver Hill Almaniya-Azərbaycan Əlaqəlilik Konfransı çərçivəsində keçirilən panel müzakirəsində bildirib ki, VNG AG ilə Azərbaycan arasında əməkdaşlıq həm qısamüddətli, həm də uzunmüddətli hədəfləri əhatə edir.
Onun sözlərinə görə, qısamüddətli əsas məqsəd Avropanın etibarlı enerji, xüsusilə də təbii qaz təchizatı ilə təmin olunmasına töhfə verməkdir. Uzunmüddətli perspektivdə isə əsas diqqət enerji sektorunun transformasiyasına və fosil yanacaqlardan daha aşağı karbonlu enerji sisteminə keçidə yönəlir.
Hill qeyd edib ki, VNG AG bu ilin əvvəlindən Azərbaycandan təbii qaz idxal etməyə başlayıb. Hazırda tədarük həcmlərinin nisbətən aşağı olduğunu bildirən şirkət rəsmisi onların artırılmasının VNG AG-nin əsas məqsədlərindən biri olduğunu vurğulayıb.
O bildirib ki, şirkət uzunmüddətli perspektivdə Azərbaycan və Avropa arasında enerji keçidinin inkişafında, o cümlədən dekarbonizasiya və enerji bağlantılarının yaradılmasında iştirak etməkdə maraqlıdır. Bu çərçivədə VNG AG Azərbaycandan 15-20 il müddətinə qaz tədarükü üzrə uzunmüddətli sazişlər bağlamağa hazırdır.
Hill mümkün əməkdaşlıq istiqamətlərindən biri kimi Azərbaycanın daxili bazarda bərpa olunan enerji layihələrinə investisiyalarının artırılmasını da qeyd edib.
Onun fikrincə, bərpa olunan enerji güclərinin inkişafı Azərbaycanda əlavə təbii qaz həcmlərinin Avropaya ixrac üçün sərbəstləşdirilməsinə imkan yarada bilər. Bu isə qaz ixracından əldə olunan gəlirlərin artırılmasına və həmin vəsaitlərin Azərbaycanın enerji və digər infrastruktur layihələrinə yönəldilməsinə şərait yarada bilər.
Uzunmüddətli perspektivdə inkişaf etdiriləcək enerji infrastrukturunun Avropaya yeni enerji daşıyıcılarının, o cümlədən hidrogen və biometanın tədarükü üçün də əlavə imkanlar yarada biləcəyi bildirilib.
https://report.az/energetika/oliver-hill-vng-ag-azerbaycanla-qaz-tedarukune-dair-uzunmuddetli-sazisler-baglamaga-hazirdir