Almaniya Azərbaycan və Avropa arasında Yaşıl Enerji Dəhlizinin inkişafı çərçivəsində həyata keçiriləcək layihələrə dəstək göstərməyə hazırdır.
Bunu Almaniya Energetika Agentliyinin idarəedici direktoru Kristina Haverkamp Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında keçirilən panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Almaniya bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı və bu enerjinin ölkənin enerji sisteminə inteqrasiyası istiqamətində geniş təcrübəyə malikdir. Hazırda bərpa olunan enerji mənbələrinin Almaniyanın elektrik enerjisi balansındakı payı təxminən 60%-ə çatır.
K. Haverkamp rəqəmsallaşmanı da Azərbaycan və Almaniya arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri kimi qiymətləndirib. O bildirib ki, müasir rəqəmsal texnologiyalar yeni kabellərin çəkilməsinə ehtiyac yaratmadan enerji sistemlərinin ötürmə imkanlarını artırmağa şərait yaradır.
İdarəedici direktor enerji infrastrukturunun texniki xidməti sahəsində də əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib. Onun fikrincə, enerji sistemlərinin yalnız qurulması kifayət deyil, onların uzunmüddətli istismarı, qorunması və texniki baxımdan təmin edilməsi də vacibdir. Almaniya bu istiqamətdə əhəmiyyətli təcrübəyə malikdir.
K. Haverkamp potensialın artırılması və kadr hazırlığını da əməkdaşlığın əsas istiqamətləri sırasında göstərib. O, tərəflər arasında, xüsusilə gənc mütəxəssislərin iştirakı ilə təcrübə və bilik mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
https://report.az/energetika/kristina-haverkamp-almaniya-yasil-enerji-dehlizi-uzre-layiheleri-desteklemeye-hazirdir