Azərbaycan və Gürcüstan arasında imzalanmış qaz müqaviləsi Gürcüstana qarşıdakı 20 il ərzində qazın həcmi və qiyməti baxımından sabitlik və təminat verir.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Baş nazir qonşu ölkələrlə iqtisadi əlaqələrin inkişaf etdirilməsinin Gürcüstan üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, bu baxımdan Azərbaycanla əldə olunan razılaşmaların xüsusi önəm daşıdığını qeyd edib.
İ. Kobaxidze bildirib ki, Azərbaycanla imzalanmış müqavilə nəticəsində Gürcüstan 20 illik dövr üçün həm qaz təchizatının həcmi, həm də daha əlverişli qiymətlər baxımından zəmanət əldə edib.
O, həmçinin Azərbaycandan elektrik enerjisinin vasitəçilər olmadan idxal edilməsinin vacibliyini vurğulayıb. Baş nazirin sözlərinə görə, vasitəçilərin aradan qaldırılması Gürcüstan dövlətinin xərclərini azaltmağa imkan verəcək və yalnız bu mexanizm hesabına dövlət hər il bir neçə milyon gəlir əldə edə bilər.
İ. Kobaxidze Bakı–Tbilisi–Supsa boru kəmərinin və Supsa terminalının Azərbaycanla birgə istismarına dair əldə olunan razılaşmanı da mühüm addım kimi qiymətləndirib.
Baş nazir Azərbaycanla imzalanan və əldə olunan razılaşmaların Gürcüstan üçün strateji əhəmiyyət daşıdığını bildirib və əməkdaşlığa, eləcə də dost münasibətlərinə görə Azərbaycan tərəfinə təşəkkür edib.
İ. Kobaxidze Gürcüstanın Ermənistan və Türkiyə ilə də yüksək səviyyədə iqtisadi əlaqələrə malik olduğunu qeyd edib.
https://report.az/energetika/irakli-kobaxidze-azerbaycanla-enerji-razilasmalari-gurcustan-ucun-strateji-ehemiyyet-dasiyir