XƏBƏRLƏR

Avropa Komissiyası: Qaz və “yaşıl enerji” Aİ-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri olaraq qalacaq

OKTYABR 08, 2026

Avropa İttifaqı qaz sektorunda Azərbaycanla əməkdaşlığı davam etdirməklə yanaşı, təmiz enerjinin inkişafına da daha çox diqqət yetirəcək.

Avropa Komissiyasının nümayəndəsi bildirib ki, Aİ-Azərbaycan Yüksək Səviyyəli Enerji Dialoqu çərçivəsində tərəflər enerji sahəsində əməkdaşlığın gələcək istiqamətlərini müzakirə ediblər.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, oktyabrın 2-də Brüsseldə keçirilən Azərbaycan-Aİ Yüksək Səviyyəli Enerji Dialoqunun IV iclasında qaz tədarükünün perspektivləri, bərpa olunan enerji mənbələrinin inkişafı, elektrik şəbəkələrinin gücləndirilməsi, “yaşıl enerji” dəhlizləri, enerji səmərəliliyi və metan emissiyalarının azaldılması məsələləri müzakirə olunub.

Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, bu, müntəzəm enerji dialoqudur və görüş zamanı qaz sahəsində əməkdaşlığın davam etdirilməsi bir daha təsdiqlənib. Eyni zamanda, mart ayında Aİ-nin enerji məsələləri üzrə komissarı Dan Yorgensenin Bakıya səfəri zamanı müəyyənləşdirilən istiqamətə uyğun olaraq, təmiz enerjinin inkişafına da xüsusi diqqət yetirilib.

 

https://report.az/energetika/avropa-komissiyasi-qaz-ve-yasil-enerji-ai-ve-azerbaycan-emekdasliginin-merkezinde-qalacaq