XƏBƏRLƏR

Serbiyalı nazir: Nişdə qaz-elektrik stansiyasının tikintisi üçün prosedurlar sürətləndiriləcək

OKTYABR 09, 2026

Serbiyanın dövlət qurumları Niş şəhərində qaz-elektrik stansiyasının tikintisinin müəyyən edilmiş vaxtda başa çatdırılması məqsədilə zəruri icazələrin verilməsini və inzibati prosedurları sürətləndirəcək.

Bunu Serbiyanın mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Handanoviç “Niş TV”yə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, stansiyanın tikintisi ilə bağlı hazırlıq işlərində əhəmiyyətli irəliləyiş əldə olunub. O qeyd edib ki, layihə Azərbaycanla strateji tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək.

D. Cedoviç-Handanoviç bildirib ki, Serbiya artıq Azərbaycandan ilk təbii qaz həcmlərini almağa başlayıb və iki ölkə arasında enerji əməkdaşlığı strateji tərəfdaşlıq əsasında genişləndirilir. Hazırda Niş şəhər rəhbərliyi ilə koordinasiyalı şəkildə ərazinin planlaşdırılması və ilkin layihələndirmə işləri aparılır.

Mövcud qrafikə əsasən, stansiyanın tikintisinə 2028-ci ildə başlanması, layihənin isə 2030-cu ilədək tam başa çatdırılması nəzərdə tutulur. Nazir vurğulayıb ki, yeni müəssisənin istismara verilməsi Serbiyanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, regionun enerji təchizatına da mühüm töhfə verəcək.

Xatırladaq ki, Azərbaycan və Serbiya 2026-cı ilin fevralında Niş şəhəri yaxınlığında elektrik gücü 350 MVt, istilik gücü isə 150 MVt olacaq qaz-elektrik stansiyasının tikintisinə dair saziş imzalayıblar. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində imzalanıb.

İyunun əvvəlində Serbiyanın “Elektroprivreda Srbije” (EPS) şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakıda Nişdəki stansiyanın layihələndirilməsi, tikintisi və idarə edilməsi üzrə əməkdaşlığın əsas şərtlərini razılaşdırıblar. İmzalanmış sənədlər birgə şirkətin yaradılmasının əsas prinsiplərini və layihənin başlıca kommersiya parametrlərini müəyyən edir.

 

https://report.az/energetika/serbiyali-nazir-nisdeki-qaz-elektrik-stansiyasinin-vaxtinda-insasi-ucun-dovlet-isleri-maksimum-suretlendirecek