XƏBƏRLƏR

AIIB Azərbaycanda yaşıl enerji layihələri üçün qrant sazişləri imzalayıb

OKTYABR 09, 2026

Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə Azərbaycanda yaşıl enerji təşəbbüslərinin inkişafına yönəlmiş iki qrant sazişi imzalanıb.

Bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat yayıb.

Energetika naziri Pərviz Şahbazovla AIIB-in İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) nümayəndə heyəti arasında onlayn görüş keçirilib. Görüşdə Bankın “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasına verdiyi dəstək və əməkdaşlığın dənizdə külək enerjisi potensialının inkişafı istiqamətində genişləndirilməsi müsbət qiymətləndirilib.

Görüş çərçivəsində Azərbaycan Hökuməti ilə MCDF-nin maliyyə mexanizminin icraçı tərəfdaşı olan AIIB arasında iki qrant sazişi imzalanıb. Sazişlərdən biri irimiqyaslı dəniz külək elektrik stansiyasının fəaliyyətini dəstəkləyəcək sahil infrastrukturunun konsepsiyasının hazırlanmasını, digəri isə “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin hazırlanmasını əhatə edir.

Sənədləri Azərbaycan Hökuməti adından energetika naziri Pərviz Şahbazov, AIIB adından isə Bankın dövlət sektoru üzrə (2-ci region), layihə və korporativ maliyyə üzrə (qlobal) baş investisiya direktoru Konstantin Limitovski imzalayıb.

P. Şahbazov bildirib ki, sazişlər Azərbaycanın Xəzər dənizində külək enerjisinin genişmiqyaslı inkişafı və yaşıl enerjinin regional və qitələrarası ötürülməsi ilə bağlı strateji məqsədlərinə beynəlxalq dəstəyin göstəricisidir.

Nazirin sözlərinə görə, əməkdaşlıq həm dənizdə külək enerjisi layihələrinin həyata keçirilməsi üçün zəruri sahil infrastrukturunun inkişafına, həm də Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılmasına xidmət edəcək.

O vurğulayıb ki, bu layihələr Azərbaycanın bərpa olunan enerji potensialının iqtisadi dəyərə çevrilməsi, Xəzər hövzəsi və Mərkəzi Asiyanın yaşıl enerji resurslarının ixracı, eləcə də ölkənin regional enerji inteqrasiyasındakı strateji mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. P. Şahbazov AIIB-in Azərbaycanın yaşıl enerji təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

K. Limitovski qeyd edib ki, imzalanan sazişlər AIIB ilə Azərbaycan arasında MCDF tərəfindən dəstəklənən “Xəzər Yaşıl Enerji Dəhlizi” və irimiqyaslı dəniz külək elektrik stansiyasını dəstəkləyəcək sahil infrastrukturu layihələri üzrə ilk iki qrant sazişidir.

Onun sözlərinə görə, bu addım layihələrin hazırlanması sahəsində əməkdaşlığı genişləndirəcək, dayanıqlı enerji infrastrukturuna gələcək investisiyaların cəlb edilməsinə və regional bağlantıların gücləndirilməsinə imkan yaradacaq.

Sazişlərə əsasən, “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin hazırlanmasına 1 milyon ABŞ dolları, irimiqyaslı dəniz külək elektrik stansiyalarını dəstəkləyəcək sahil infrastrukturunun konseptual tədqiqatına isə 100 min ABŞ dolları məbləğində qrant ayrılacaq.

 

https://report.az/energetika/aiib-ile-azerbaycanda-yasil-enerji-layiheleri-uzre-qrant-sazisleri-imzalanib