İran ABŞ tərəfindən tətbiq olunan blokadaya baxmayaraq, İran təqvimi ilə bu ilin ilk altı ayında ölkənin əsas ticarət limanı hesab olunan Şəhid Rəcai limanı vasitəsilə 5,1 milyon tondan çox neft məhsulu ixrac edib.
Bu barədə Hormozqan əyalətinin limanlar və dənizçilik idarəsinin baş direktoru Hüseyn Abbasnejad məlumat verib.
Onun sözlərinə görə, hərbi qarşıdurma və iqtisadi məhdudiyyətlərin daha da sərtləşdirilməsinə baxmayaraq, hesabat dövründə limandan ümumilikdə 5,14 milyon ton neft məhsulu xarici bazarlara göndərilib.
Xatırladaq ki, ABŞ aprel ayında İranla bağlı danışıqların nəticəsiz başa çatmasından sonra İran limanlarına qarşı dəniz blokadası tətbiq edib. Ötən həftə isə Vaşinqton İran nefti, neft məhsulları və neft-kimya məhsullarının daşınmasında iştirak edən fiziki və hüquqi şəxslərə, həmçinin 17 gəmiyə qarşı yeni sanksiyalar elan edib.
https://report.az/energetika/iran-abs-blokadasina-baxmayaraq-5-milyon-tondan-cox-neft-mehsulu-ixrac-edib