XƏBƏRLƏR

Nazir: Naxçıvanın bərpa olunan enerji üzrə texniki potensialı 21-29 QVt təşkil edir

OKTYABR 20, 2026

Naxçıvan Muxtar Respublikasının bərpa olunan enerji sahəsində texniki potensialı 21-29 QVt səviyyəsində qiymətləndirilir.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Naxçıvanın iqtisadi bərpa olunan enerji potensialı isə 6-7 QVt təşkil edir.

Onun sözlərinə görə, muxtar respublikanın “Yaşıl Enerji Zonası”na çevrilməsi məqsədilə müvafiq Konsepsiya və Tədbirlər Planı hazırlanıb. Sənədlərdə əsas prioritetlər enerji müstəqilliyinin gücləndirilməsi, müasir elektrik şəbəkəsi infrastrukturunun qurulması, enerji ixracı imkanlarının artırılması, səmərəliliyin yüksəldilməsi və karbon emissiyalarının azaldılmasıdır.

Hazırda Naxçıvanda bərpa olunan enerji mənbələri üzrə ümumi qoyuluş gücü 108 MVt-dır. Ötən il regionda elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 36,4%-ə çatıb.

Nazir qeyd edib ki, 2026-cı ildə 25 MVt gücündə “Şəms 1”, 2027-ci ildə isə eyni gücə malik “Qərbi Üfüq” günəş elektrik stansiyasının istifadəyə verilməsi gözlənilir. Sonrakı mərhələdə ümumi gücü 51,6 MVt olan Tivi və Ordubad su elektrik stansiyalarının da istismara verilməsi planlaşdırılır.

Bundan əlavə, Vyetnamın ROX Group şirkəti ilə 200 MVt gücündə günəş enerjisi layihələrinin həyata keçirilməsinə dair imzalanmış Anlaşma Memorandumu və digər beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi Naxçıvanın “Yaşıl Enerji Zonası”na çevrilməsi prosesini sürətləndirə bilər.

 

https://report.az/energetika/nazir-naxcivanin-yasil-enerji-ye-dair-texniki-potensiali-21-29-giqavatdir