XƏBƏRLƏR

“Şərqi Azəri” yatağında hasilat 645 milyon bareli ötüb

OKTYABR 20, 2026

“Şərqi Azəri” yatağından indiyədək 645 milyon bareldən, yaxud 87 milyon tondan çox neft hasil olunub.

Bu hasilat 1997-ci ilin noyabrında istismara verilmiş “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından əldə edilən ümumi 4,7 milyard barel neft hasilatına əhəmiyyətli töhfə verib.

Hazırda “Şərqi Azəri” platforması təhlükəsiz və etibarlı şəkildə fəaliyyətini davam etdirir. 2026-cı ilin üçüncü rübünün sonunda platformada orta gündəlik neft hasilatı təxminən 46 min barel təşkil edib.

“Şərqi Azəri” kompleksi 48 quyu gövdəsinə malik hasilat, qazma və yaşayış platformasından, Səngəçal terminalına birləşən 30 düymlük sualtı boru kəmərindən, eləcə də yataqdaxili bir sıra boru xətləri və sistemlərindən ibarətdir.

Hazırda platformada təxminən 170 nəfər çalışır və əməkdaşların böyük əksəriyyəti azərbaycanlı mütəxəssislərdir. Platformanın hər iki meneceri də Azərbaycan vətəndaşıdır.

İndiyədək platformadan ümumilikdə 39 quyu və çoxsaylı yan lülələr qazılıb. Hazırda istismarda olan 36 quyunun 27-si hasilat, 8-i suvurma, biri isə şlamların yenidən laylara vurulması üçün istifadə olunur.

Yetkin işlənmə mərhələsində olan AÇG yatağında hasilatın optimallaşdırılmasında “Şərqi Azəri” innovativ texnologiyaların imkanlarını nümayiş etdirməkdə davam edir. Bu yaxınlarda platformadan təhvil verilmiş D18Z quyusunda 2 000 metrdən çox açıq lülə qazılıb. Bunun 1 500 metrdən çox hissəsi hədəf məhsuldar lay daxilində qum təbəqəsindən keçib.

D18Z quyusu AÇG-də indiyədək qazılmış quyular arasında layla ən geniş təmas sahəsinə malik quyudur. Bu nəticə qabaqcıl seysmik görüntüləmə, qazma və tamamlama texnologiyalarının yatağın əlavə potensialının üzə çıxarılmasındakı əhəmiyyətini göstərir.

“Şərqi Azəri”dən ilk neft 21 oktyabr 2006-cı ildə əldə olunub. Bununla AÇG yatağının tammiqyaslı işlənməsinin ikinci mərhələsi başa çatıb. İlk neft əvvəlcədən qazılmış səkkiz quyudan birindən hasil olunaraq yeni sualtı boru kəməri vasitəsilə 10 noyabr 2006-cı ildə Səngəçal terminalına çatdırılıb.

 

https://report.az/energetika/serqi-azeri-yatagindan-indiyedek-645-milyon-barelden-cox-neft-hasil-edilib