Avropa Komissiyası Avropa Enerji İttifaqının yaradılması ilə bağlı plan hazırlamağı nəzərdə tutur.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Parlamentində çıxışı zamanı bildirib ki, tamhüquqlu enerji ittifaqının yaradılmaması Avropanın enerji sahəsində mövcud imkanlardan tam istifadə etməsinə mane olur.
Onun sözlərinə görə, Aİ qaz qiymətlərinin müəyyənləşdirilməsində təsir imkanına malik olsa da, vahid enerji ittifaqının olmaması bir sıra imkanların itirilməsinə səbəb olur.
Von der Leyen çıxışında Rusiyaya qarşı tətbiq edilən Aİ sanksiyalarına da toxunub. O bildirib ki, Rusiya Ukraynada müharibəni dayandırmayana qədər sanksiyalar qüvvədə qalacaq.
Komissiyanın rəhbəri qeyd edib ki, Avropa Rusiyanın enerji təchizatında etibarlı tərəfdaş olmadığını nəzərə almalı və keçmişdə yaşanan təcrübədən nəticə çıxarmalıdır. Onun sözlərinə görə, Avropaya qaz tədarükünü məhz Rusiya dayandırıb.
Von der Leyen həmçinin bildirib ki, zərurət yarandıqda Avropa ticarətin müdafiəsi mexanizmlərindən, o cümlədən idxalın kəskin artımına çevik reaksiya verməyə imkan verən tədbirlərdən istifadə etməlidir. O əlavə edib ki, ötən həftə Aİ ölkələrinin liderləri bu yanaşmanı dəstəkləyən müsbət mövqe nümayiş etdiriblər.
https://report.az/energetika/avropa-enerji-ittifaqinin-yaradilmasina-dair-planlar-aciqlanib